Qadın qətllərinə görə ömürlük həbs cəzası istənilir: “Qanunvericilik sərtləşdirilməlidir!”

Təhlil

22.09.2025 16:16

Milli Məclisin deputatı Tamam Cəfərova qadın qətllərinə görə ömürlük həbs cəzası verilməsini təklif edib. Deputat hesab edir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna yenidən dəyişiklik edilməsinə ehtiyac var.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Mail Yaqub isə bildirib ki, qanunun sərtləşdirilməsi mühüm addım sayılsa da, əsas məsələ onun icrası ilə bağlıdır. 

Onun sözlərinə görə, bu dəyişiklik qəbul olunarsa, qadın cinayətlərində azalma müşahidə edilə bilər:

"Qanunların sərtləşdirilməsi şübhəsiz ki, müsbət təsir göstərə bilər. Lakin əsas məsələ qanunların yazıldığı kimi icra olunmasıdır. Əgər mövcud qanunvericilik düzgün və ardıcıl şəkildə tətbiq olunsa, qadın qətlləri də daxil olmaqla, ümumiyyətlə, bir çox cinayətlərin qarşısını almaq mümkündür".

Sosioloq hesab edir ki, yalnız qanunun sərtləşdirilməsi kifayət etmir. Cəmiyyətdə maarifləndirmə tədbirləri də gücləndirilməlidir:

"Mövcud qanunvericilik daha da sərtləşdirilməlidir. Bununla yanaşı, cəmiyyətdə insanlara emosional zəka, psixoloji biliklər və etik davranış qaydaları üzrə təlimlər verilməlidir. İnsanların bir-biri ilə ünsiyyət və münasibət mədəniyyəti formalaşarsa, bu, cinayətlərin azalmasına ciddi təsir göstərə bilər. Tərbiyəli və maariflənmiş cəmiyyətlərdə cinayət halları daha az olur. Bu, yalnız hüquqşünasların deyil, həm də filosofların və psixoloqların uzun illərdir vurğuladığı fikirdir. Bu istiqamətdə də kompleks və davamlı şəkildə işlər aparılmalıdır".

Mail Yaqubun fikrincə, cinayətlərin qarşısını almaq üçün qanunvericiliyin gücləndirilməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsi paralel aparılmalıdır. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Mail Yaqub,Sosioloq,Qadın,Qətl,Cəza,Todaypress.tv,

photo