Rusiyanın vasitəçilik arzusu nəyə hesablanıb?

Təhlil

19.06.2025 17:26

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynada etdiklərindən sonra hələ də özünü sülhpərvər kimi göstərməyə çalışması adının qoyulması çətin olan nonsensdir. ABŞ Prezidenti Donald Tramp Putinə layiqli cavabı verib”.

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Putinin vasitəçilik ehtimalını dəyərləndirib:

“Putin nəinki vasitəçi rolunda olmaq, heç bu münaqişəyə aid söz danışmaq hüququna malik deyil. Putinin etmək istədiyi sadəcə İran rejimini, hansı ki, Rusiyanı dronlarla təmin edir, düşdüyü çıxılmaz vəziyyətdən çıxarmaqdır. İranın İsrail tərəfindən vurulması məsələsi illərdir ki, gündəmdə idi. İndi bu məsələ reallaşdıqdan sonra prosesi nəticə almadan yarımçıq saxlamaq ABŞ və İsrail üçün məğlubiyyətə bərabər durum yaradar. ABŞ hələlik müharibəyə qarışmasa da, hesab etmək olar ki, tezliklə bu, baş verəcək. Çünki İsraildə dinc insanların raket atəşinə tutulması və həlak olması ABŞ-nin İsrail üçün təhlükəsizlik doktrinasına ziddir və bunun qarşısı mütləq alınmalıdır”. 

Analitikə görə, ABŞ gözləmə mövqeyindədir:

“ABŞ sadəcə gərginliyin pik həddə çıxmasını gözləyir ki, qurtarıcı kimi meydana girsin. Bu isə İran rejiminə yaxşı heç nə vəd etmir. İran rejimi Trampla oyun oynamaqla öz taleyi ilə oynadı. Trampa ciddi uğur hekayəsi lazımdır və onun üçün İran rejiminin devrilməsindən yaxşı uğur hekayəsi ola bilməz. Bu, konqresə aralıq seçkilərində Trampın işinə yarayacaq”. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İsrail və İran münaqişəsində vasitəçi kimi çıxış etməyi təklif edib. Tramp isə deyib ki, əvvəlcə öz ölkənizdə vasitəçilik edin, sonra bu məsələ ilə maraqlanarsınız. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Rusiya,Vasitəçilik,Todaypress.tv,

photo