Ermənistanda referendum parlament seçkilərindən sonra keçirilə bilər ? - RƏY
Təhlil
02.12.2025 15:15
Ötən həftəsonu Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib. İclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.

“Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, yəni mətnin hazırlanması və onun hazırlanması üçün müddətləri bir daha təsdiqləmək istərdim. Bu öhdəlik Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur. Bu gün prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə etdik”, - nazir qeyd edib.
Məlumdur ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununa nəzərdə tutulub. Əgər yeni Konstitusiya layihəsi martadək hazır olacaqsa, o zaman referendum və seçkilər eyni günə - iyuna təyin edilə bilərmi, yoxsa Ermənistanın Baş naziri Nikol Paşinyan referendumu seçkilərdən sonraya saxlamaq niyyətindədir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Taleh Əliyev xatırladıb ki, yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi məsələsinə münasibət bildirən erməni rəsmiləri, o cümlədən Nikol Paşinyan bir çox hallarda bu referendumun növbəti parlament seçkilərindən sonra keçiriləcəyini qeyd ediblər.

Teorik baxımdan isə mart ayında yekunlaşacaq prosesin ən yaxşı halda referendumla eyni tarixdə təşkil olunması mümkündür. Lakin martdan iyula qədər olan müddət o qədər də uzun olmadığı üçün, referendum və seçkilərin ardıcıl keçirilməsi praktik baxımdan çətin görünür.
Ekspertə görə, ən məntiqli variant referendum və seçkilərin eyni gündə keçirilməsidir:

“Bu yalnız o halda mümkündür ki, Nikol Paşinyan ölkədəki əsas rəqibləri – kilsə və onun dəstəkçiləri üzərində qəti qələbə qazanmış olsun. Siyasi müxalifət olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan tərəfdarlarının seçkilərdə iştirakına kifayət qədər əngəl qoyulmalı, digər Rusiya yönümlü qüvvələrin seçki prosesində aktiv rol oynamasının qarşısı alınmalıdır. Bütün bunlar üçün isə ümumilikdə Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi və proseslərə təsir imkanlarının azalması vacibdir. Hazırda isə bu ssenari real görünmədiyindən, çox güman ki, referendum parlament seçkilərindən sonra keçiriləcək”.
T.Əliyevin fikrincə, referenduma çıxarılacaq yeni Konstitusiya mətnində bir sıra məsələlər var ki, bu, Ermənistandakı şovinist dairələri qıcıqlandıracaq və onlar həmin müddəalardan istifadə edərək Paşinyanı erməni maraqlarını satmaqda, Azərbaycana və Türkiyəyə agentlik etməkdə ittiham edəcəklər. Belə bir vəziyyətdə isə Paşinyan seçki prosesində yalnız konstitusiyanı istədiyi səs çoxluğu ilə qəbul edə bilməyəcək, eyni zamanda partiyasının ciddi tərəfdar itkisi ilə üzləşə bilər. Buna görə ekspert hesab edir ki, Paşinyan əvvəl parlamentdə mövqelərini gücləndirəcək, sonra isə referendum keçirəcək.
Qiymət Mahir
tag: Taleh Əliyev,Siyasi şərhçi,Ermənistan,Referendum,Todaypress.tv,
