Politoloq: “Macarıstan Azərbaycanı xüsusi tərəfdaş ölkə kimi görür”
Təhlil
07.10.2025 15:35
Macarıstan Baş naziri Viktor Orban oktyabrın 6-da Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Görüşdən sonra Orban sosial şəbəkə platforması "X"də “Bir dostu görmək hər zaman xoşdur” paylaşımını edib.
Siyasi müşahidəçilər bu görüşü Macarıstanın Cənubi Qafqazdakı strateji maraqları, eləcə də enerji əməkdaşlığı fonunda dəyərləndirirlər.
Politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, ümumilikdə Macarıstanla türk dövlətləri arasında səmimi dostluq münasibətləri mövcuddur və əməkdaşlıq davamlı şəkildə inkişaf edir:
"Viktor Orbanın Azərbaycan Prezidenti ilə görüşü bir daha göstərdi ki, Macarıstan Azərbaycana xüsusi tərəfdaş ölkə kimi yanaşır. Orbanın cənab İlham Əliyevə qarşı səmimi dostluq münasibətləri var və bu münasibət dövlətlərarası əməkdaşlığa da müsbət təsir göstərir".
Ekspert əlavə edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq son illərdə sürətlə genişlənir.
"2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi barədə razılıq əldə olunub. Azərbaycan, həmçinin yaşıl enerji sektorunu inkişaf etdirir və bu enerji Avropa bazarlarına çıxarılacaq. Bu prosesdə Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır".
Politoloq onu da qeyd edib ki, türk dövlətləri platformasında Macarıstanın fəal iştirakı diqqətəlayiqdir və Azərbaycan–Macarıstan münasibətləri bu əməkdaşlığa əlavə dinamika qazandırır.
Jalə Rövşən
tag: Elşad Mirbəşiroğlu,Politoloq,Azərbaycan,Macarıstan,Todaypress.tv,
