Suriyada yeni qarşıdurma dalğası: Sabitliyə yeni təhdidlər...
Təhlil
18.07.2025 13:43
“Suveydaya edilən müdaxilə Suriyada yeni qarşıdurmaların başlanğıcı ola bilər”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Suriya Daxili İşlər Nazirliyinin Suveyda bölgəsindəki qarşıdurmalara son qoymaq üçün müdaxiləyə hazırlaşması ölkədəki böhranın yeni və daha həssas mərhələyə keçdiyini göstərir. Hökumət qüvvələrinin Suveyda şəhərini nəzarətə almaq cəhdi lokal sabitlik məqsədi daşısa da, bu addım genişmiqyaslı toqquşmalar üçün potensial katalizatora çevrilə bilər.
“Suveyda bölgəsi əsasən druz icması ilə məskunlaşdığı üçün Dəməşqə tabe olan qüvvələrin burada hərbi iştirakına qarşı xüsusi həssaslıq mövcuddur. Yerli özünümüdafiə dəstələrinin müqaviməti, xüsusilə İsrailin dəstəklədiyi qrupların mövcudluğu, mümkün toqquşma ehtimalını artırır. Bu isə Cənubi Suriyada sabitliyə yönəlmiş səyləri təhlükə altına salır”.
Analitik vəziyyətin inkişafının necəliyini bir neçə faktordan asılı olduğunu açıqlayıb. Belə ki, hökumətin atəşkəs razılaşmalarını bərpa etmək təşəbbüsü ilkin baxışda müsbət dəyərləndirilsə də, radikal qrupların bu cəhdləri pozmaq riski mövcuddur. Digər tərəfdən, İsrailin bölgədəki fəaliyyəti və druz qruplarına dəstəyi Suriya hökuməti tərəfindən suverenliyə müdaxilə kimi qəbul edilir ki, bu da yerli icmalarla etimadın zəifləməsinə səbəb ola bilər.
Politoloq həmçinin vurğulayıb ki, Suveyda böhranı təkcə lokal problem deyil, həm də Suriyanın daxili siyasi balansına və regional güclərin maraqlarına bağlıdır. Əgər hökumətlə yerli qüvvələr arasında dialoq qurulmasa və kompromis əldə olunmasa, bu müdaxilə Suriyada yeni qarşıdurma dalğasının başlanğıc nöqtəsinə çevriləcək.
“Druz liderlərinin atəşkəs təşəbbüslərinə dəstək verməsi ümidverici olsa da, uzunmüddətli sabitlik üçün sadəcə güc tətbiqi deyil, həm də hərtərəfli dialoq və qarşılıqlı anlaşma vacibdir”, - deyə o, fikrini sonlandırıb.
Qeyd edək ki, hazırda Suriya Daxili İşlər Nazirliyi Suveyda bölgəsində döyüşləri dayandırmaq üçün müdaxiləyə hazırlaşır. Dəməşqə tabe təhlükəsizlik qüvvələri Suveyda şəhərini nəzarətə götürməyi planlaşdırır.
Töhfə Səməd
tag: Tural İsmayılov,Politoloq,Suriya,İsrail,Todaypress.tv,
