Minnixanov Ərdoğanın yanında: Moskva bu mesajı necə oxuyacaq?

Təhlil

02.07.2025 13:01

“Rusiyanın Azərbaycana qarşı hazırkı aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovum iyulun 1-də Türkiyəyə səfər etməsi və  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi təsadüfə bənzəmir”.

TodayPress TV xəbər verir ki, siyasi ekspert Elməddin Behbud bu barədə öz “Facebook” hesabında yazıb.     

O, Rusiya və Azərbaycan arasında baş verən son prosesləri diqqətə çatdırıb və daha təhlükəli təhdidlərin qapıda olduğunu vurğulayıb: 

“Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkə boyu azərbaycanlı vətəndaşları və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsi ilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir. Ancaq bu, yenilik deyil. Çoxsaylı geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərmişik. Açıq və gizli planda böyük itkilər, qurbanlar vermişik. Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində president yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olub. Eyni zamanda Şimal, Cənub və Qərbdən gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində açar rola sahiblənib”.

Ekspert Rusiyanın qeyri-adekvat tələblərindən bəhs edib:

“Rusiya hər zaman nə isə tələb edir. Özü də qeyri-adekvat formada və qarşılıqsız. Azərbaycan dövləti isə xarici siyasətini İkinci Qarabağ savaşında qazandığı böyük qələbənin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rəsmi Bakı indi daha güclü, müttəfiqləri ilə birgə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. Bu isə imperiyanı bərk qəzəbləndirir. Ancaq biz ən çətin, mürəkkəb dövrlərdə belə imperiyanı seçməmişik. Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə…Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə deməli, həqiqətən də Kreml başını itirib”. 

Qeyd edək ki, Tatarıstan Prezidenti Rüstəm Minnixanov iyulun 1-də Türkiyəyə səfər edib.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovla görüşüb.

Qiymət Mahir

tag: Elməddin Behbud,Politoloq,Minnixanov,Ərdoğan,Todaypress.tv,

photo