Əsədsiz bir il: Suriya üçün yeni dövr!
Təhlil
08.12.2025 18:16
Suriya Prezidenti Əhməd Şaraa Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümü münasibətilə Dəməşqdəki Əməvi məscidində sübh namazı qılıb və çıxış edib. O, Suriyanın yenidən qurulacağını və ölkənin təhlükəsizliyinin qorunacağını bəyan edib. Şaraa, həmçinin Səudiyyə Ərəbistanının ona Kəbə örtüyündən hədiyyə verdiyini açıqlayıb. Suriyada Əsəd hakimiyyətinin devrilməsinin ildönümü ölkə boyu bayram tədbirləri ilə qeyd olunur.
![]()
Maraqlıdır, Əsəddən sonra formalaşan sistem uzunmüddətli sabitlik yarada biləcəkmi? Bəs yeni hakimiyyətin dini vurğuları gələcək dövlət modelinə necə təsir edə bilər?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Asif Nərimanlı bildirib ki, indiki hökumət Suriyada dini balansı düzəltməyə çalışır:

"Suriyanın hazırkı hökumətinin dini və etnik müxtəlifliyi nəzərə alan siyasəti məqsədyönlü və düşünülmüş yanaşma kimi qiymətləndirilə bilər. Çünki Əsəd dövrünə baxdıqda görürük ki, Suriyada gərginliyin əsas səbəblərindən biri məhz dini fərqliliklər və bu fərqliliklərin siyasi hakimiyyətə təsiri olub. Azlıqda olan nüseyrilər çoxluqda olan sünnilər üzərində hakim mövqedə çıxış edirdilər. Bu isə təkcə dini etiqad azadlığı məsələsi deyildi, eyni zamanda sosial-siyasi vəziyyətə də ciddi təsir göstərirdi. Azlıqda olan bir qrupun çoxluq üzərində hökmranlığı daxili hüquq sistemində də ziddiyyətlər yaradırdı".
Ekspert vurğulayıb ki, dini-siyasi balansın pozulması və xarici dəstək Əsəd dövründə vətəndaş müharibəsini qaçılmaz etdi:
"Bu balanssızlıq nəticə etibarilə vətəndaş müharibəsi üçün əlverişli zəmin formalaşdırmışdı. Bəşər Əsədin hakimiyyəti dövründə müharibənin başlamasının əsas motivlərindən biri də məhz bu dini və siyasi tarazlığın pozulması idi. Əsəd rejiminin uzun müddət ayaqda qalmasının səbəblərindən biri xarici faktorlar – xüsusilə İran və Rusiyanın dəstəyi idisə, digər əsas səbəb daxildə dini qruplar arasındakı dərin qarşıdurma idi. Nüseyrilər mövcud vəziyyətdən imtina etmədilər və digər dini qruplarla qarşıdurma davam etdi".
Analitik qeyd edib ki, yeni hakimiyyət radikal xəttdən imtina edib birləşdirici siyasət seçdi:
"Əsəddən sonra hakimiyyətə gələn qüvvələr barədə əvvəlcə dini azlıqlar arasında ciddi narahatlıqlar var idi. Onlar bu qüvvələrin radikal mövqe tutaraq dini azlıqlara qarşı təzyiq göstərəcəklərindən ehtiyat edirdilər. Bu qorxular İran başda olmaqla bir sıra xarici oyunçuların Suriyada daha fəal rol almasına da zəmin yaratmışdı. Lakin mövcud hakimiyyət gözlənilənlərdən fərqli olaraq ayrı-seçkilik xəttini deyil, bütövləşdirici yanaşmanı seçdi. Bu gün yürüdülən siyasət Suriyanı etnik və dini kimliyindən asılı olmayaraq bütün vətəndaşların ortaq vətəni kimi təqdim edir və bütün qrupların hüquq və azadlıqlarının qorunmasına yönəlir".
Politoloqun fikrincə, əgər bu siyasət ardıcıl şəkildə davam etdirilərsə, Suriyanın Əsəd dövründən miras qalmış və ölkəni parçalaya bilən əsas problemlərdən biri aradan qalxa bilər. O qeyd edib ki, hazırda post-Əsəd mərhələsində mövcud hakimiyyət ölkəni birləşdirmək və dövlətin suverenliyini möhkəmləndirmək istiqamətində addımlar atır.
A.Nərimanlı, həmçinin bildirib ki, ABŞ və Türkiyə Suriyada sabitliyi qoruyan əsas faktordur:

"Təhlükəsizlik və sabitliyin qorunmasında xarici oyunçuların rolu da mühüm əhəmiyyət kəsb edir. Hazırda ABŞ-nin Suriyadakı mövcudluğu fakt kimi qəbul edilir. Türkiyənin Suriyada apardığı siyasət də bu baxımdan mühüm rol oynayır. Türkiyənin regiondakı mövcudluğu Suriyanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaratmır, əksinə, bu proseslərin daha sağlam şəkildə irəliləməsinə xidmət edir. ABŞ-nin bu proseslərə verdiyi dəstək də Türkiyənin bölgədəki mövqeyini gücləndirir".
Ekspert sonda əlavə edib ki, ümumilikdə, mövcud enerji və təhlükəsizlik balansı Suriyada gələcəkdə daha sabit və təhlükəsiz dövlət qurulmasına imkan yarada bilər. Əgər bu proseslər düzgün idarə olunarsa, Suriya vətəndaş müharibəsinin ağır nəticələrini arxada qoyaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bir dövlətə çevrilə bilər.
Jalə Rövşən
tag: Asif Nərimanlı,Politoloq,Suriya,Bəşər Əsəd,Todaypress.tv,
