Millət vəkili: “Rusiyanın soydaşlarımıza qarşı təzyiqləri tezliklə sona çatacaq”

Təhlil

10.10.2025 15:23

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb. Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu mərhələli prosesdir və səbrli olmaqda fayda var: 

“Hesab edirəm ki, biz səbrli olmalıyıq. Oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin görüşü oldu. Görüşdə çox vacib məsələlər müzakirə olundu və bu gün “Sputnik Azərbaycan”nın icraçı direktoru İqor Kartavıx da azad olundu. Bunlar mərhələli prosesdir. Birdən-birə hər şeyin həll edildiyini gözləmək, düşünürəm ki, yanlış olardı. Hesab edirəm, Azərbaycanın atdığı addımlara Rusiya tərəfi adekvat olaraq müəyyən addımlar atacaq. Ona görə biz bir qədər təmkinli olmalıyıq. Zamanla hər şey qaydaya düşərək öz yerini tapacaq. Düşünürəm ki, Şahin Şıxlinski və digər soydaşlarımıza qarşı təzyiqlər tezliklə sona çatacaq”, – deyə deputat qeyd edib. 

Qeyd edək ki, Şahin Şıxlinski ilk dəfə iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. M. Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. 

Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zaman dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da M. Şıxlinski saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Ş. Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Ş. Şıxlinski də Moskvada saxlanılaraq, Yekaterinburqa etap olunub. Avqustun 24-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Sentyabrın 24-də isə həbs qətimkan tədbirini dekabrın 30-dək uzadıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Ceyhun Məmmədov,Deputat,Rusiya,Azərbaycan,Todaypress.tv,

photo