Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri
Təhlil
03.07.2025 18:53
“Azərbaycan xarici siyasətində çoxşaxəli yanaşma tətbiq edir və bu zaman dövlət və milli maraqları əsas götürür. Rəsmi Bakı xüsusilə Orta Asiya türk respublikaları ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda maraqlıdır”.
Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Orta Asiya dövlətləri ilə əməkdaşlıq edir.
Eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) formatında da bu ölkələrlə münasibətlər davam etdirilir. Politoloq qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı çoxtərəfli əməkdaşlığa töhfə verir.
Analitik əlavə edib ki, Azərbaycan TDT çərçivəsində, xüsusilə Türkiyə ilə birlikdə Turan İttifaqı ideyasının formalaşmasında fəal iştirak edib. Ölkəmiz Orta Asiya respublikaları ilə iqtisadi və siyasi sahələrdə əlaqələri daha da genişləndirməkdə maraqlıdır.
Siyasi şərhçi Özbəkistanın bu baxımdan xüsusi rol oynadığını bildirib. O vurğulayıb ki, bu ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında yaxından iştirak edir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq uzun müddətdir mövcuddur və bu əlaqələrin daha da genişlənməsi hər iki tərəf üçün önəmlidir.
“Türk dövlətləri arasında ortaq əlifbanın yaradılması mənəvi inteqrasiyanın bir göstəricisidir. Ümumilikdə, iqtisadi, siyasi və mənəvi inteqrasiyanın gücləndirilməsi vacibdir. Bu proseslərdə Azərbaycan aparıcı rol oynayır”.
Azad Məsiyev sonda qeyd edib ki, Azərbaycan bu proseslərdə lokomotiv rolunu oynayır və Prezident İlham Əliyevin Orta Asiya ölkələrinə mütəmadi səfərləri bu istiqamətdə atılan mühüm addımlardandır.
Qeyd edək ki, iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, bu gün isə Qırğızıstan Prezidenti Sadır Japarov Azəbaycana səfər edib. Onların İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşündə iştirakı gözlənilir.
Türkan İsgəndərli
tag: Azərbaycan ,Orta Asiya,Özbəkistan,Azad Məsiyev ,Todaypress.tv,
