Kremlin strateji səhvi nə idi? – Ramiz Yunus yazır...
Təhlil
23.02.2026 11:11
24 fevral 2022-ci il tarixə təkcə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlandığı gün kimi düşməyəcək. Zaman keçdikcə bu tarix, yəqin ki, başqa cür — Rusiya rəhbərliyinin özünün təxminən iki onillik ərzində qurduğu geosiyasi konstruksiyanı dağıtdığı gün kimi dərk olunacaq. Paradoks ondadır ki, bu müharibəyə qədər Moskva yavaş-yavaş, sistemli və kifayət qədər uğurla mövqelərini gücləndirirdi. Ondan sonra isə onları sürətlə itirməyə başladı. Məhz burada Kremlin əsas strateji səhvi dayanır.

Səhvin miqyasını anlamaq üçün 2007-ci ilə — Prezident Vladimir Putinin Münxen Təhlükəsizlik Konfransındakı çıxışına qayıtmaq lazımdır. O zaman sadəcə bir nitq səslənməmişdi — bu, dünya nizamına yenidən baxılması üçün Kremlin iddiası idi. Rusiya yeni təhlükəsizlik arxitekturası, təsir dairələrinin faktiki tanınması və təkqütblülükdən imtina tələb edirdi. Qərb bunu eşitdi, lakin sistemli qarşıdurmaya siqnal kimi qəbul etmədi. Üstəlik, Moskva ilə iqtisadi əməkdaşlıq davam etdi, enerji qarşılıqlı asılılığı artdı və Rusiya tədricən ciddi oyunçu statusunu bərpa etdi.

Növbəti mərhələ — 2008-ci ilin avqustunda Gürcüstanın Tsxinvali bölgəsində müharibə oldu. Həmin vaxt Gürcüstana qarşı hərbi əməliyyat yol verilən sərhədlərin sınağına çevrildi. Qərbin reaksiyası məhdud oldu: siyasi qınama, lakin uzunmüddətli qopma olmadan. Kremlin bundan çıxardığı nəticə belə idi — əgər tez və qətiyyətlə hərəkət edilərsə, status-kvonun güc yolu ilə dəyişdirilməsi mümkündür. Bu nəticə möhkəmləndi və Kremlin strateji düşüncəsinin bir hissəsinə çevrildi.

2014-cü ildə Krım hadisələri baş verdi və yarımada sürətlə, demək olar ki, müqavimətsiz ilhaq edildi. Ardınca Moskva Donbasda müharibə başlatdı, Almaniya və Fransanın vasitəçiliyi ilə Ukraynanı faktiki olaraq vəziyyəti Kremlin xeyrinə donduran Minsk razılaşmalarını imzalamağa məcbur etdi. Burada da Qərb Rusiya ilə sərt qopmaya getmədi. Paralel olaraq enerji layihələri davam edirdi. “Şimal axını” artıq işləyirdi, “Şimal axını–2” isə uğurla irəliləyirdi. Rusiyada belə bir təsəvvür möhkəmlənirdi ki, Avropanın iqtisadi maraqları həmişə prinsiplərdən üstün olacaq.
2021-ci ilə gəldikdə Moskva rahat strateji mövqedə idi. Krım, həmçinin Donbasın bir hissəsi də nəzarət altında idi. Avropa Rusiya enerji resurslarından asılı idi. NATO genişlənmədən yorğunluq nümayiş etdirirdi. ABŞ daxili çağırışlara və Çinlə rəqabətə fokuslanmışdı. Rusiya Yaxın Şərqdə Bəşər Əsəd rejimini dəstəkləyərək uğurla balans qururdu. Tədrici təzyiq, hibrid əməliyyatlar və məhdud güc tətbiqi strategiyası işləyirmiş kimi görünürdü.

Məhz burada bütün bu konstruksiyanın əsas qırılma nöqtəsi baş verdi. 24 fevral 2022-ci ildə Kreml tədrici eskalasiya strategiyasından imtina etdi və Ukraynanı ildırım sürətli məcburetmə planına üstünlük verdi. Moskvada əmin idilər ki, Ukrayna 2014-cü il ssenarisini təkrarlayacaq — çaşqınlıq, idarəetmə iflici, elitaların parçalanması, məhdud müqavimət. Hesab edilirdi ki, Ukraynanın siyasi rəhbərliyi geri çəkiləcək, idarəetmə sistemi dağılacaq, ordu isə kütləvi zərbəyə tab gətirməyəcək. Hesab soyuq və kinayəli idi: bir neçə gün şok, bir neçə həftə xaos — və yeni reallıq Moskvanın diktəsi ilə rəsmiləşəcək. Mərc blitskriqə idi. Lakin məhz burada Kremlin strateji səhvi fatal xarakter aldı.
2022-ci ilin Ukraynası 2014-cü ilin davamı yox, onun inkarı oldu. Səkkiz il ərzində ölkə dərin və geri dönməz şəkildə dəyişmişdi. Ukrayna ordusu döyüş təcrübəsi qazanmış, islahatlar, təlim və struktur dəyişikliklərindən keçmişdi. Prezident Volodimir Zelenskinin başçılıq etdiyi siyasi rəhbərlik ilk saatlarda paytaxtı tərk etmədi. Dövlət institutları dağılmadı, cəmiyyət parçalanmadı, əksinə, səfərbər oldu. Gözlənilən iflic əvəzinə ümummilli mobilizasiya baş verdi.
Moskva Ukrayna dövlətçiliyinin kövrək və şərti olduğunu güman edirdi. Lakin 24 fevral zərbəsi göstərdi ki, Ukraynada hakimiyyətin təməli mövcuddur və Kremlin düşündüyündən qat-qat möhkəmdir.
![]()
Blitskriq təkcə baş tutmadı, ilk həftələrdə iflasa uğradı və onunla birlikdə ilkin strateji plan da dağıldı. Moskva Kiyevdə sürətli hakimiyyət dəyişikliyinə ümid edirdi, lakin uzunmüddətli müharibə əldə etdi. Psixoloji şok gözləyirdi, lakin tarixi konsolidasiya ilə üzləşdi. Güc nümayişi planlaşdırırdı, lakin öz imkanlarının sərhədini göstərdi. Bu, sadəcə hərbi səhv deyil, reallığın dərkində strateji yanlışlıq idi.
Kreml 2014-cü il Ukraynası ilə müharibə aparırdı, lakin 2022-ci ilin Ukraynası ilə üzləşdi. Qısa əməliyyat planlaşdırdı, dördillik müharibə başlatdı. Xəritəni həftələrə dəyişmək istəyirdi, lakin beynəlxalq sistemi dəyişən münaqişəyə sürükləndi.
Dörd illik döyüşlər nəticəsində Rusiya böyük itkilər bahasına cüzi taktiki irəliləyişlər əldə etdi, lakin strateji mənzərə onun xeyrinə dəyişmədi. Moskva NATO-nun genişlənməsinin dayandırılmasını tələb edirdi, nəticədə Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşuldu, onilliklərlə neytrallıq saxlayan Şimali Avropa mövqeyini aylar içində dəyişdi, Baltik regionu isə demək olar ki, tam NATO hərbi məkanına çevrildi.
Avropa enerji asılılığını sürətlə azaltdı, təchizat marşrutlarını və mənbələri şaxələndirdi. Moskvanın əsas təsir rıçaqı hesab edilən alət zəiflədi. İqtisadi əlaqələr qismən qaldı, lakin siyasi məzmunu dəyişdi.

Cənubi Qafqaz da transformasiya keçirdi. İkinci Qarabağ müharibəsindən sonra status-kvonu tam dəyişən və regionda liderə çevrilən Azərbaycan gücləndi. Rəsmi Bakı Türkiyə ilə Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş strateji müttəfiqlik qurdu. ABŞ və şəxsən Prezident Donald Trampın fəal iştirakı ilə Ermənistanla genişmiqyaslı sülh prosesi başlandı. Ermənistan xarici siyasətini şaxələndirməyə çalışır. Mərkəzi Asiya da çoxvektorlu siyasəti gücləndirir, Çin, ABŞ və Avropa ilə münasibətləri inkişaf etdirir. Rusiya hələ də mühüm oyunçudur, lakin postsovet məkanında təsiri daha bahalı və daha az mübahisəsizdir.
Suriyada Rusiya məğlubiyyət yaşadı və orada Bəşər Əsəd devrildi, Venesuelada ABŞ birgünlük hərbi əməliyyat keçirdi, Nikolas Maduronu həbs etdi və Karakasda hakimiyyət bu gün Vaşinqtonun diktəsi ilə hərəkət edir, İranda mollokratiya rejimi tam demoralizə olunub və görünür ki, son günlərini yaşayır, eləcə də regiondakı İran proksiləri.
Bu mozaikanın bütün elementlərini birləşdirəndə aydın olur ki, Kremlin strateji səhvi təkcə Qərbin və ya sanksiyaların qiymətləndirilməsində yanlışlıq deyildi. Bu, ilk növbədə Ukraynanın qiymətləndirilməsində fundamental səhv idi.
2022-ci ilə qədər Moskva idarə olunan risk rejimində hərəkət edirdi. Gürcüstan, Krım, Donbas — bunlar məhdud reaksiyaya hesablanmış addımlar idi. Lakin 2022-ci ildə keyfiyyətcə başqa mərc edildi — Ukrayna dövlətçiliyinin sürətli dağıdılmasına mərc və məhz burada strateji çöküş baş verdi.
Blitskriq iyirmiillik strategiyanın kulminasiyası olmalı idi. O, yeni reallığı təsbit etməli, Qərbi “yeni Yalta” üzrə danışıqlara məcbur etməli və Rusiyaya postsovet məkanında dominant güc statusu qazandırmalı idi. Lakin kulminasiya əvəzinə dönüş nöqtəsi baş verdi.
Ukrayna dayandı, NATO genişləndi, Avropa enerji təhlükəsizliyi arxitekturasını tam dəyişdi. Rusiyaya yaxın regionlar daha müstəqil oldu, Rusiya isə daha sərt beynəlxalq məhdudiyyətlər konfiqurasiyasında və xarici amillərdən daha çox asılı vəziyyətdə qaldı.

Moskva 24 fevral 2022-ci ildə müharibəyə başlayarkən dünyaya güc nümayiş etdirmək istəyirdi, lakin nəticə strateqlərin planlaşdırdığı kimi olmadı. Kreml NATO məkanını daraltmaq istəyirdi, əksinə, Alyans onu genişləndirdi. Rusiya Qərbi parçalamaq istəyirdi, lakin onun konsolidasiyasını sürətləndirdi və sürətli qələbə əvəzinə uzun və ağır müharibə əldə etdi.
Bəzən strateji səhvlər taktiki uğurlarla ört-basdır olunur. Lakin tarix xəritədə kilometrlərlə deyil, qüvvələr balansının dəyişməsi ilə qiymətləndirir. Dörd ilin nəticələrinə emosiyasız baxsaq, aydın olur: Ukraynanın qiymətləndirilməsindəki səhv Rusiya xarici siyasətinin bütün konstruksiyasının çat verdiyi geri dönüşü olmayan nöqtə oldu.
Müharibələr, siyasətçilər nəticələri nəzarətdə saxladıqlarına əmin olduqda başlayır və nəticələr, siyasətçilərin özlərini nəzarətə aldıqda tarixi dönüş nöqtəsinə çevrilir.
Görünür, 2022-ci ilin fevralında Moskvada həm özlərini, həm də Ukraynanı tanıdıqlarına əmin idilər. Tarix əksini göstərdi...
Məşhur Çin strateqi və mütəfəkkiri Sun Tszının dediyi kimi: “Özünü və rəqibini tanıyan yüz döyüşdə də məğlub olmaz”.
Ramiz Yunus
“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru
tag: Ramiz Yunus,Professor,Politoloq,Kreml,Rusiya,Putin,Todaypress.tv,
