İsraildən ABŞ-yə təcili göndəriş: "İran qaçılmaz hücuma hazırlaşır"
Təhlil
22.12.2025 17:55
İsrail ABŞ-ni İranın mümkün hücumu ilə bağlı xəbərdar edib. Məlumata görə, İsrail tərəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket təlimlərini potensial hücuma hazırlıq kimi qiymətləndirir. İsrail Baş Qərargah rəisi Eyal Zamir bu narahatlığı ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperə çatdıraraq müdafiə hazırlıqlarının əlaqələndirilməsini istəyib. ABŞ isə hazırda İranın qaçılmaz hücumu ilə bağlı təsdiqlənmiş kəşfiyyat məlumatlarının olmadığını bildirir.
Maraqlıdır, İran mövcud vəziyyətdə hücuma keçə bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ, İran və İsrail arasında atəşkəslə bağlı heç bir rəsmi müqavilə və ya hüquqi sənəd mövcud deyil.

Onun sözlərinə görə, mövcud atəşkəs faktiki olaraq ABŞ-nin təşəbbüsü ilə formalaşıb və İsrail İran ərazisində hərbi obyektlərin, hərbi sənaye infrastrukturlarının vurulduğunu, ABŞ ilə koordinasiyada hərbi liderlərin sıradan çıxarıldığını, eləcə də bir sıra atom fiziklərinin öldürüldüyünü nümayiş etdirir.

Analitik qeyd edib ki, risk daha çox İranın "Hizbullah" üzərindən cavab addımlarına yönəlib. Bu şəraitdə İsrailin yaxın vaxtda İrana yenidən genişmiqyaslı hücumu üçün ciddi əsas görünmür; ehtimallar İranın Livandakı Hizbullah vasitəsilə cavab zərbələrinə üstünlük verəcəyini göstərir. Tehran "Hizbullah"ı birbaşa və ya dolayı yolla silahlandırmaqla İsrailin bu təşkilatın tərksilahına yönəlmiş əməliyyatlarını zəiflətməyə cəhd göstərə bilər.

Ekspert vurğulayıb ki, Hizbullahın aktivləşməsi ABŞ-nin prosesə müdaxilə riskini də artırır. Hazırkı siyasi-hərbi vəziyyətdə İsrail İranın açıq hücumuna yol verməməyə çalışsa da, atəşkəs hüquqi və siyasi təminata söykənmədiyindən yeni toqquşmalar ehtimalı qalmaqdadır.

Sədrəddin Soltan sonda əlavə edib ki, nə qədər ki, İran ABŞ ilə danışıqlar masasına oturmayıb, Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya ilə intensiv diplomatik prosesə başlamayıb, Qəzza zolağında HƏMAS-ın və Livanda "Hizbullah"ın tərksilahı məsələləri həllini tapmayıb, bölgədə müharibə təhlükəsi gündəmdə qalacaq.
Jalə Rövşən
tag: İran,İsrail ,Hücum ,Todaypress.tv,
