"İstəklilər koalisiyası" niyə ŞƏT-dən dərhal sonra keçirildi?
Təhlil
05.09.2025 16:27
"İstəklilər koalisiyası"nın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən dərhal sonra keçirilməsi təsadüfi deyil. Bu, Qərb blokunun dünyada baş verən geosiyasi proseslərə laqeyd qalmadığını göstərən siqnal kimi qiymətləndirilir".
Politoloq Əli Mustafa bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşün əsas məqsədi Ukraynanın müharibədə mövqeyini möhkəmləndirməkdir.
"İclasda ABŞ nümayəndəsi də iştirak edib. Prezident Donald Tramp Ukraynaya dəstəyin davam edəcəyini bəyan edib. Bununla yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer də koalisiyanın bir hissəsi kimi çıxış edərək, Londondan gələcək yardımların davamlı olacağına işarə edib. Avropa ölkələri isə öz payları çərçivəsində dəstək bölgüsünə qoşulublar".
Politoloqun fikrincə, yardımların davam etməsi yaxın perspektivdə cəbhədə kəskin dəyişiklik yaratmasa da, Rusiyanın üstünlüyünü məhdudlaşdırmaq və Kiyevin müqavimət imkanlarını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
"Bundan başqa, görüşün siyasi mesajı da önəmlidir. Qərb koalisiyası göstərmək istəyir ki, regional və qlobal səviyyədə baş verən hadisələrə aktiv reaksiya verir və Ukraynanın taleyində birbaşa iştirak edir", - deyə Əli Mustafa fikrini tamamlayıb.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və “İstəklilər koalisiyası”nın liderləri ilə videokonfrans keçirib. Görüş Parisdə, Yelisey sarayında baş tutub. İclasda Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və digər Aİ liderləri də iştirak edib. Ümumilikdə 39 ölkənin nümayəndəsi görüşə şəxsən və ya onlayn qatılıb.
Türkan İsgəndərli
tag: İstəklilər koalisiyası,Şanxay Əməkdaşlıq Təşkilatı,Qərb bloku,Ukrayna,