Türkiyəli ekspert: "Türkiyənin dövlət yaddaşı hər şeyi yaxşı xatırlayır"

Təhlil

19.11.2025 17:41

"Heç bir ölkənin torpağında gözümüz yoxdur, amma bizim coğrafiyamızda heç kim sərhəd çəkə bilməz. Harada bir məzlum varsa, dost və qardaşlarımızın yanındayıq. Bunu etməsən, Türkiyəni böyüdə bilməzsən".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Suriyanın yenidən qurulması və bərpasında Türkiyə fəal iştirak edəcək, çünki “Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”. Ərdoğana görə, Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır.  


Türkiyəli siyasi analitik Ali Satan Ərdoğanın bu açıqlamasını TodayPress TV-yə  şərh edərək bildirib ki, dövlət başçısının mesajları bölgənin yaxın tarixində yaşanan acı prosesləri xatırladır. 


Onun sözlərinə görə, illərdir regiondan kənar aktorların bölgəni qarışdırdığına, silahlandırdığına, öz nəzarətlərində silahlı qruplar yaradaraq qarşıdurmalar törətdiyinə şahid olunub. Türkiyənin dövlət yaddaşı bu təcrübələri çox yaxşı xatırlayır. 

O qeyd edib ki, bu qanunsuz  müdaxilələr nəticəsində milyonlarla insan zərər çəkib və Türkiyə bu insanlara həm maddi, həm də mənəvi baxımdan böyük fədakarlıqlar göstərərək qucaq açıb. Və bu  illərdir davam edir. 

Ekspertin fikrincə, Rəcəb Tayyib Ərdoğan həm region ölkələrini, həm də bölgə üzərində gizli oyunlar quran xarici dairələri açıq şəkildə xəbərdar edir: 

“Bu bəyanatlar həm Türkiyənin milli təhlükəsizliyinə dair qəti mövqeni, həm də bölgədə sabitlik və ədalətin təmin olunmasına yönəlmiş siyasi mesajı ifadə edir.”   

Jalə Rövşən

TodayPress TV

tag: Ali Satan,Türkiyəli siyasi analitik,Türkiyə,Ərdoğan,Todaypress.tv,