Azərbaycanın Fələstin mövqeyi: Yaxın Şərqdə balansı qoruyan güc

Təhlil

01.12.2025 13:51

Fələstin səfirliyi 29 noyabr Beynəlxalq Həmrəylik Günü münasibətilə bəyanat yayaraq Azərbaycanın Fələstin məsələsində ardıcıl dəstəyinə görə təşəkkür edib. Bəyanatda işğala son qoyulması, Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin qurulması və qaçqınların geri dönüş hüququ vurğulanıb. Azərbaycanla Fələstin arasındakı möhkəm həmrəylik ədalət və sülh naminə əməkdaşlıq kimi qiymətləndirilib.


Maraqlıdır, Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyi regionda Bakı üçün hansı diplomatik üstünlükləri yaradır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Azərbaycan Fələstini tanıyır və ona ardıcıl dəstək göstərir:


"Azərbaycan 1992-ci ilin aprelindən Fələstin dövlətini tanıyır. Ermənistan isə bu addımı yalnız 2024-cü ildə atıb. Azərbaycan uzun illərdir Fələstin məsələsində ardıcıl mövqeyini saxlayır, BMT-də onun müşahidəçi dövlət statusuna səs verib, humanitar yardım göstərib və iki dövlət prinsipini dəstəkləyib".

Ekspert qeyd edib ki, Azərbaycan İsrail–Fələstin xəttində çətin diplomatik tarazlığı ustalıqla qoruyur:


"Eyni zamanda, Azərbaycan İsraillə ən sıx əməkdaşlıq edən və yüksək səviyyəli münasibətlər quran ölkələrdən biridir. Bakı bu iki həssas istiqaməti – Fələstin və İsrail məsələsini – praqmatik balans və prinsipial mövqe əsasında idarə etməyi bacarıb. Bu isə böyük diplomatik ustalıq tələb edən son dərəcə çətin xəttdir".

Analitik vurğulayıb ki, dövlətimiz hər iki istiqamətdə tarazlı siyasət yürüdür:

"Azərbaycan bir tərəfdən Fələstinə ardıcıl siyasi və humanitar dəstək verir, digər tərəfdən İsraillə qarşılıqlı faydalı əməkdaşlıq qurur. Fələstin rəsmiləri də Azərbaycanın mövqeyini dəfələrlə yüksək qiymətləndiriblər. İsrail isə 44 günlük Vətən müharibəsi zamanı Bakının mühüm tərəfdaşlarından biri kimi həm hərbi, həm də siyasi-diplomatik dəstək göstərib. Bu balanslaşdırılmış siyasət Azərbaycana bir sıra əhəmiyyətli üstünlüklər qazandırır:

1.Ərəb dünyası ilə sabit və etimadlı münasibətlərin qorunması;

2.İsraillə strateji əməkdaşlığın genişləndirilməsi;

3.Regionda vasitəçilik potensialının güclənməsi".

O qeyd edib ki, Azərbaycan İsrail–Ərəb dialoqunda seçilən vasitəçidir:

"İsrail və Ərəb dünyası arasında vasitəçilik edə biləcək ölkələrin sayı çox azdır və Azərbaycan bu kontekstdə ən seçilən nümunələrdən biridir. Bu, həm Azərbaycanın regional nüfuzunu artırır, həm də qlobal diplomatik müstəvidə rolunu gücləndirir. Qeyd etmək lazımdır ki, Tramp administrasiyasının sülh planında Fələstin dövlətinin yaradılması müddəası da yer alırdı və Azərbaycan bu yanaşmaya fəal şəkildə dəstək verib".


A.Səmədov sonda qeyd edib ki, balanslı siyasət Azərbaycanın həm regionda, həm də qlobal müstəvidə mövqeyini gücləndirir:

"Praqmatik balans siyasəti Azərbaycana Ərəb ölkələri ilə münasibətləri dərinləşdirmək, İsraillə strateji tərəfdaşlığı inkişaf etdirmək və regionda nadir vasitəçilik missiyasını həyata keçirmək imkanı yaradır. Bu, həm Azərbaycan, həm bölgə, həm də beynəlxalq diplomatiya üçün mühüm strateji üstünlükdür".

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Azərbaycan,Fələstin,Todaypress.tv,