Gərginlik səngimir: Tramp “8-ci münaqişəni” də dayandıracaq?
Təhlil
17.10.2025 13:10
Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlikdir. Döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda, bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq.

Maraqlıdır, ABŞ Prezidenti Donald Tramp bu məsələdə də özünü qabağa verəcəkmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov xatırladıb ki, 2021-ci ildə ABŞ Əfqanıstanı tərk edərkən özündən sonra böyük cəbbəxana qoyub.
![]()
Həmin vaxt "Taliban"ın əlinə 160 hərbi təyyarə, 40 mindən çox zirehli texnika və nəqliyyat vasitəsi, yük maşınları, 300 min atıcı və ağır silah, döyüş sursatı, 40 min əlavə avadanlıq, rabitə sistemləri, müşahidə vasitələri, gecəgörmə cihazları, biometrik qurğular, patron və partlayıcı vasitələr keçib:

"Vaşinqton milyonlarla dəyəri olan ən müasir silahları elə-belə qoymadı, uzaq hədəfləri vardı. ABŞ terror təşkilatı kimi tanıdığı "Taliban"a təkcə Əfqanıstanda hakimiyyəti vermədi, eyni zamanda onu dolayısı ilə gücləndirdi və hərbi qüdrətini artırdı. "Taliban"ın tarixinə ekskurs edərkən aydın olur ki, hərəkat məhz Vaşinqtonun fəal dəstəyi ilə yaradılıb.
Əfqanıstan ABŞ-nin rəqibi və düşməni olan İran və Çinlə sərhədlərə malikdir. Həmçinin onun əlverişli coğrafi mövqeyi və təbii resursları strateji əhəmiyyətini artırır.

Əfqanıstandakı "Taliban" hakimiyyətini hələ ki, rəsmi olaraq yalnız Rusiya tanısa da, bəzi ölkələr formal əlaqələr qurub. Lakin elan edilən “Əfqanıstan İslam Əmirliyi” sərt islam və şəriət qaydaları ilə idarə olunur, həmçinin müxtəlif silahlı qruplaşmaların hələ də mövcudluğu region və sərhəd ölkələri üçün ciddi risklər yaradır".
Ekspert qeyd edib ki, taliblər bir müddət əvvəl İranla toqquşdular, Tacikistan sərhədində xoşagəlməz insidentlər yaşandı. Ardınca Pakistanla münaqişə bir daha sübut etdi ki, külli miqdarda silah arsenalı taliblərin iddialarına və davakar hərəkətlərinə stimul verib.
"Doğrudur, Pakistan ordusu dünyanın ən qüdrətli orduları sırasındadır və coğrafi relyeflərə uyğun döyüş təcrübəsinə malikdir. Lakin Əfqanıstandakı rejim və onun əlindəki silahlar təkcə Pakistan üçün deyil, ümumilikdə bölgə üçün təhlükəyə çevrilib və stabilliyi pozmaqdadır.
Düşünmürəm ki, Əfqanıstan və Pakistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasın. Əfqanıstanın əlində ABŞ-nin qoyub getdiyi ən müasir silahlar olsa da, Pakistandakı kimi güclü nizami ordu, peşəkar kadrlar və hərbi mütəxəssislər yoxdur. Həmin silah-sursatın istifadəsi üzrə texniki biliklər də tam mənimsənilməyib", - deyə Ə.Orucov vurğulayıb.
O əlavə edib ki, Trampın bu məsələdə vasitəçiliyi müsbət nəticə verə bilər:

"Hazırda hər iki ölkə arasında bəzi müsəlman dövlətlərinin vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə olunub. ABŞ Prezidenti Donald Trampın da vasitəçilik missiyası müsbət nəticə verə bilər. Trampın öz sözləri ilə desək, o, “7 müharibəni dayandırıb” və bu münaqişəni də dayandırmaq iqtidarındadır. Nəzərə almaq lazımdır ki, onun seçki platformasında prioritetlərdən biri beynəlxalq aləmdə sülh yaratmaq və təhlükəsizliyi qorumaq olub".
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Tramp,Pakistan,Əfqanıstan,Todaypress.tv,
