Əməkdaşlıq güclənir: "Çin Azərbaycanın ən böyük idxal tərəfdaşıdır" - DEPUTAT

Təhlil

31.08.2025 10:38

"Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Son yüksək səviyyəli görüşlər bir daha təsdiq edir ki, ölkə arasındakı münasibətlər yeni mərhələdə uğurla davam etdirilir".

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkələr arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarıb. 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb. Bu isə o deməkdir ki, idxalda Çin Azərbaycanın ən böyük tərəfdaşıdır.

"Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır", - deyə parlamentari qeyd edib.

V.Bayramov, həmçinin əlavə edib ki, Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verir:

"2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. Bu ilin ilk 7 ayında isə bu rəqəm 40 minə çatmaqdadır. Beləliklə, ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək üçün böyük potensial var".

Qeyd edək ki, avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Qiymət Mahir

tag: Azərbaycan,Çin,İlham Əliyev,Si Cinpin,

photo