Əl Şaraanın Bakı səfəri: Suriya-Azərbaycan əlaqələrində yeni mərhələ!

Təhlil

14.07.2025 16:58

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri bir neçə səbəbdən önəmlidir. Yeni Suriya hökuməti həm İranla, həm də İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir. Bu baxımdan neytral məkan kimi Bakı görüşlər üçün əlverişli sayılır. Əvvəllər də bu şəhər İran və İsrail rəsmilərinin təmaslarına ev sahibliyi edib”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O qeyd edib ki, Azərbaycanın İsraillə sıx əlaqələrə malik olması, onun Suriya ilə dialoqun qurulmasında vasitəçi rolunu oynaya biləcəyini göstərir:  

“Bundan əlavə, Bakı və Dəməşq arasında enerji sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın bu sektorda formalaşmış təcrübəsi Suriyanın maraqlarına da xidmət edə bilər. Suriyadakı enerji resurslarının istismarında Azərbaycan şirkətlərinin iştirakı həm iqtisadi, həm də siyasi baxımdan Dəməşq üçün əhəmiyyətlidir. Prosesdə əsas aktorlar olan Türkiyə və İsrail də Azərbaycanın iştirakı ilə bağlı narahatlıq keçirmir. 

Digər mühüm sahə isə şəhərsalma və məcburi köçkünlərin geri dönüşü üzrə əməkdaşlıq ola bilər. Azərbaycan bu sahədə də zəngin təcrübəyə malikdir. Suriyanın yeni rəhbərliyi “ağıllı şəhər” və “ağıllı kənd” modellərindən bəhrələnməkdə maraqlı ola bilər. Həmçinin, ekoloji bərpa sahəsində də ölkəmizin təcrübəsi Dəməşq üçün nümunə rolunu oynaya bilər”.

Siyasətçi Azərbaycanın artıq Suriya bazarına daxil olduğunu və Türkiyə vasitəsilə bu ölkəyə təbii qaz ixracına başladığını əlavə edib:

“Bu, Azərbaycanın Yaxın Şərqdəki təsir imkanlarını artırır. Suriyanın gələcək siyasi arxitekturasında Azərbaycanın söz sahibi olması həm xarici siyasət strategiyası baxımından əhəmiyyətlidir, həm də Suriyada yaşayan türkman icmasının mövqeyinin güclənməsinə xidmət edir. Bakı son illərdə Türk dünyasında əsas təsir mərkəzinə çevrildiyini hər addımda nümayiş etdirir”. 

Qeyd edək ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfər gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu iqamətgahında qəbul edib. Bakıda SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracını nəzərdə tutur. 

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Azərbaycan,Suriya,Todaypress.tv,

photo