Ehtimalı zamanında qiymətləndirən LİDER: Fərdi diplomatik yanaşma!
Təhlil
27.08.2025 17:39
"Azərbaycana münasibətdə Respublikaçıların mövqeyi Demokratlara nisbətən daha normaldır. Amma bu münasibətin formalaşmasında məhz Azərbaycan Prezidenti İlham Əliyevin fərdi diplomatik yanaşması xüsusi rol oynayıb. Ölkə başçısı Donald Trampın yenidən hakimiyyətə gəlmək ehtimalını vaxtında düzgün qiymətləndirib və bu ehtimal üzərindən münasibətləri strateji əsasda qurub. Trampın şəxsiyyətpərəst xarakterini nəzərə alaraq onunla düzgün ünsiyyət modeli yaradılıb və bu da Ağ Ev liderinin Azərbaycana münasibətində pozitiv dönüş yaradıb".
Politoloq Azər Qasımov bu sözləri TodayPress TV-yə açıqlamasında deyib.
Analitik diqqətə çatdırıb ki, ABŞ-nin siyasi spektri mürəkkəb və çoxşaxəlidir. Bu sistem daxilində hadisələrə və ölkələrə münasibət birmənalı şəkildə formalaşmır. Burada müxtəlif maraq qruplarının təsiri açıq şəkildə görünür.
Onun sözlərinə görə, zamanla ABŞ siyasətində hətta Azərbaycana qarşı da ikili, üçlü yanaşma müşahidə olunub:
“907-ci düzəliş” bunun bariz nümunəsidir. Bu məsələni yalnız konkret bir partiyanın – Demokratların və ya Respublikaçıların – mövqeyi ilə izah etmək mümkün deyil. Burada qərəzli və ya loyal münasibətlərə dair yalnız nisbi fikirlər söyləmək olar. Bəli, “907-ci düzəliş” Demokratların hakimiyyəti dövründə tətbiq olunub. Ancaq onun ləğvi məsələsi Respublikaçıların dövründə – ilk dəfə 2003-cü ildə, keçmiş prezident kiçik Corc Buşun hakimiyyəti zamanı və Əfqanıstana müdaxilədən sonra gündəmə gətirilib. Bu isə onu göstərir ki, ABŞ siyasi sisteminin daxilindəki ziddiyyətlər kifayət qədər dərindir. Əgər həmin vaxt ABŞ-nin Əfqanıstanda Azərbaycana ehtiyacı olmasaydı, o düzəlişin aradan qaldırılması ehtimalı da sual altında qalardı. Bu isə Demokrat və ya Respublikaçı fərq etmədən, ABŞ siyasətində qərarların dövlət maraqları əsasında verildiyini sübut edir”.
A.Qasımovun fikrincə, Azərbaycan ABŞ ilə münasibətlərdən indiyədək olduğu kimi, bundan sonra da strateji şəkildə istifadə etməli, Cənubi Qafqazda baş verən prosesləri Trampın hakimiyyəti dövründə uğurla nəticələndirməyə çalışmalıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Bayden administrasiyası dövründə "907-ci düzəliş"in dayandırılması və yenidən tətbiq edilməsi barədə danışıb.
Dövlət başçısı düzəlişin ABŞ-nin Azərbaycana Əfqanıstanda ehtiyacı olduğu zaman dayandırıldığını deyib:
"Bayden “907-ci düzəliş”i yenidən tətbiq etməyə başladı. “907-ci düzəliş” 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda Azərbaycana ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı, necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfıra enmişdi. Bu, bir fəlakət idi. Tramp isə tamamilə fərqlidir".
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,ABŞ,Azərbaycan,Todaypress.tv,
