Dövlətimizin yazdığı tarixi tarixçilərimiz niyə dövlətə çevirə bilmir?

Təhlil

23.04.2026 15:26

Amerika tarixi ilə yaxından tanış olanlarda dərhal belə bir sual formalaşır ki, niyə amerikalılar düşünürlər ki, “Tanrı onlara qitəni genişləndirmək və azadlıq ideyasını yaymaq missiyası verib?”

Belə halda bu, sadə bir sual kimi görünür, lakin bu adi sualın arxasında şübhəsiz ki, 300 illik qanlı bir tarixin hekayəsi dayanır.


1630-cu ildə puritan lider Con Uintrope İngiltərədən Amerikaya gedən gəmidə öz adamlarına müraciət edərək dedi ki, biz quracağımız bu yeni cəmiyyət bütün dünyanın gözü qarşısında olacaq. O, bunu “təpədəki şəhər” adlandırdı. Yəni əgər biz azad, ədalətli və dürüst yaşasaq, digər xalqlara yaxşı nümunə olacağıq. Əgər səhv etsək, bütün dünya bizə baxıb pis danışacaq. Bu fikir zaman keçdikcə Amerikalıların ruhuna hopdu. 1776-cı ildə onlar İngiltərə kralına qarşı inqilab edərək Müstəqillik Bəyannaməsini elan etdilər. Orada yazdılar ki, bütün insanlar bərabər yaradılıb və azadlıq, həyat və xoşbəxtlik kimi hüquqlara malikdir. Hökumət xalq üçündür, xalq hökumət üçün yox. Sonra Konstitusiya ilə bu ideyaları qanunlaşdırdılar. Beləliklə, ABŞ tarixdə ilk dəfə etnik qan və ya qədim torpaq əsasında yox, sadəcə azadlıq, demokratiya və fərdi hüquqlar kimi ideyalar əsasında qurulmuş ölkə oldu. 1830-cu illərdə fransız səyyah və yazıçı Aleksis de Tokvil Amerikanı gəzib “Demokratiya Amerikada” kitabını yazdı. O, bu ölkəni digər dövlətlərdən çox fərqli və xüsusi vəziyyətdə gördü. Tokvilin bu müşahidəsi sonralar “Amerikan istisnaçılığı” adlandırıldı. 19-cu əsrdə bu fikir “Aydın Tale” (Manifest Destiny) şəklini aldı. Amerikalılar inanırdılar ki, Tanrı onlara qitəni genişləndirmək və azadlıq ideyasını yaymaq missiyası verib. Bu inam ölkənin böyüməsində böyük rol oynadı.

Nəticədə ABŞ özünü sadəcə bir ölkə kimi yox, bütün dünyaya azadlıq və demokratiya nümunəsi göstərməli olan xüsusi missiyalı bir xalq kimi görməyə başladı. Bu yanaşma soyuq müharibə illərindən bu günə qədər də davam edir.

16-cı əsrin əvvəllərində rahib Filofey Moskvaya məktub yazır: “İki Roma süqut etdi, üçüncü Roma (Moskva) ayaqdadır və dördüncüsü olmayacaq.” Roma və Bizans (Konstantinopol) yıxıldıqdan sonra Rusiya xristianlığın son qalası və pravoslavlığın əsas müdafiəçisi olur. Bu fikir rus xalqına xüsusi missiya hissi verir ki,  – onlar “üçüncü Roma” kimi bütün pravoslav dünyasını qorumalı idilər.


Zaman keçdikcə bu messianizm (xilaskarlıq ) davam etdi, 19-cu əsrdə slavyanofillər Avropadan fərqli olaraq Rusiyanın özünəməxsus yolu olduğunu söyləməyə başladılar. Onlar deyirdilər ki, Rusiya nə Avropa, nə də Asiyadır – o, xüsusi bir sivilizasiyadır. 20-ci əsrin əvvəllərində avrasiyaçılar bu fikri daha da inkişaf etdirdilər. Onlar Rusiyanı Avropa və Asiya arasında ayrıca bir qitə kimi görürdülər, monqol-tatar irsi ilə də zənginləşmiş, Qərbin liberal dəyərlərindən fərqli, öz mərkəzləşmiş və güclü dövlət ənənəsinə malik bir sivilizasiya.

Sovet İttifaqı dövründə bu ideya beynəlxalq kommunizm şəklində davam etdi, amma imperiya ruhu qaldı. 1991-ci ildə SSRİ dağıldıqdan sonra isə yeni düşüncə adamları, xüsusilə Aleksandr Duqin kimi yeni - avrasiyaçılar bu fikri yenidən dirçəltdilər. Onlar Rusiyanı “mədəniyyət-dövlət” adlandırdılar – yəni sadəcə bir milli dövlət yox, rus dili, pravoslavlıq, ortaq tarix və mədəni yaddaş əsasında birləşmiş böyük bir sivilizasiya.


Vladimir Putin dövründə bu konsepsiya rəsmi ideologiyaya çevrildi. “Rus Dünyası” (Russkiy Mir) anlayışı yarandı. Bu, rus dilində danışan, rus mədəniyyətinə bağlı və ya pravoslav ənənəsini paylaşan bütün insanları əhatə edən geniş bir məkanı ifadə edir.


Putin və Rus Pravoslav Kilsəsi bunu Rusiyanın sərhədlərindən kənarda yaşayan “həmvətənlər”i birləşdirmək üçün istifadə etdilər. 2007-ci ildə hökumət “Rus Dünyası Fondu”nu yaratdı ki, bu ideyanı xaricdə yaysın. Nəticədə Rusiya özünü Qərbin hegemonluğuna qarşı dayanan, xüsusi yol tutan, mərkəzləşmiş və geniş əraziyə malik bir sivilizasiya kimi görür. “Bizə qarşı olanlar” anlayışı burada çox güclüdür. Rusiya nə Avropa kimi liberal demokratiya, nə də sadəcə milli dövlət olmaq istəyir. O, öz mədəni və tarixi üstünlüyünə əsaslanaraq böyük bir mədəniyyət ittifaqı qurmağa çalışır – imperiya mirasını sivilizasiya mübarizəsi ilə birləşdirir.

Qədim Çin imperatorları (e.ə. 1046-cı ildə Zhou sülaləsi) inanırdılar ki, hakimiyyət Göydən “Mandat”la verilir. Yəni səma (Göy) ədalətli və xalqına yaxşı baxan hökmdara güc verir. Əgər imperator xalqı əzab verirsə və ya ədalətsiz idarə edirsə, bu mandatı itirir və sülalə yıxılır.


Konfutsi bu fikri daha da dərinləşdirdi. O deyirdi ki, dünya “Tianxia” – yəni “Bütün Göy Altı” kimi bir böyük ailə olmalıdır. Burada mərkəzdə mədəniyyətli və ədalətli Çin dayanır, qalan xalqlar (hətta “barbarlar” adlandırılanlar) isə Çin mədəniyyətini qəbul edərək harmoniya içində yaşayır. Zorla yox, mədəniyyət və nümunə ilə “mənimsəmək” yolu ilə.19-cu və 20-ci əsrlərdə Çin “əsrin rüsvayçılığı” adlanan dövrü yaşadı – xarici dövlətlər tərəfindən işğal və zəifləmə. 

Kommunist Partiya hakimiyyətə gələndən sonra bu qədim fikirləri “xüsusi sosializm”lə birləşdirdi. Bu gün Xi Jinping dövründə Tianxia yenidən dirçəlib. Çin özünü Qərbin Vestfaliya sistemindən (milli dövlətlər və rəqabət) fərqli olaraq, bütün dünyanı “ortaq tale icması” kimi görür. Yəni dünya bir ailədir, harmoniya içində idarə olunmalıdır. Çin mərkəz rolunda dayanır, amma suverenliyə hörmət edir və hər kəsə “qazanc-qazan” təklif edir. Nəticədə Çin dövləti sadəcə bir “milli dövlət” kimi yox, min illik davamlı sivilizasiya kimi düşünülür. Əsas dəyəri daxili və xarici harmoniyadır. Digər böyük dövlətlərdən fərqi budur: o, rəqabət və mübarizə yox, mədəniyyət üstünlüyü və hamının qazandığı bir sistem təklif edir.


Proses iki dəhşətli dünya müharibəsindən sonra başlayır. Avropa 1945-ci ildə xarabaya dönmüşdü. Milyonlarla insan həlak olmuş, şəhərlər dağılmışdı. Fransız siyasətçi Robert Schuman və iqtisadçı Jean Monnet belə bir sual qoydular: “Bu müharibələr bir daha təkrarlanmasın deyə nə etmək olar?”Cavabları da əslində vardı: əgər Fransa və Almaniya kimi ənənəvi düşmənlər bir-birindən ayrı idarə olunsalar, yenə müharibə olacaq. Ona görə də onların ən mühüm sənaye sahələrini – kömür və poladı – ortaq idarə etmək lazımdır. 1950-ci ildə Schuman Planı elan edildi və 1951-ci ildə altı ölkə (Fransa, Almaniya, İtaliya, Belçika, Niderland, Lüksemburq) Avropa Kömür və Polad Cəmiyyətini qurdular. Bu, ilk addım idi. Onlar qərar verdilər ki, klassik Vestfaliya modelində olduğu kimi hər dövlət tam müstəqil qalmasın. Əksinə, suverenliyin bir hissəsini könüllü şəkildə ortaq qurumlara ötürsünlər. Beləcə müharibə üçün lazım olan resurslar bir-birindən asılı vəziyyətə salındı. “Heç vaxt daha müharibə” şüarı ilə hərəkət edirdilər.İllər keçdikcə bu əməkdaşlıq genişləndi. 1957-ci ildə Roma Müqavilələri, 1992-ci ildə isə Maastricht Müqaviləsi ilə rəsmi Avropa İttifaqı yarandı.


Dövlətlər iqtisadiyyat, ticarət, pul siyasəti və bir çox sahədə qərarların bir hissəsini Brüsseldəki ortaq institutlara verdilər. Buna supranasionalizm və ya paylaşılan suverenlik deyilir – yəni suverenlik zəifləmir, sadəcə birgə idarə olunur. Nəticədə Avropa post-millətçi model yaratdı. Millətçiliyin dağıdıcı gücünü aradan qaldırmaq üçün sərhədləri iqtisadi və siyasi cəhətdən “əritdilər”. Liberal demokratiya, insan hüquqları və iqtisadi inteqrasiya əsas dəyərlərə çevrildi. Bu gün də bu model davam edir, amma problemlər də var. Bəzi ölkələrdə millətçilik yenidən güclənir. Brexit (Böyük Britaniyanın çıxması) buna ən bariz nümunədir. Bir çox insan “öz suverenliyimizi geri qaytaraq” deyə reaksiya verir.

Bu günlərdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Azərbaycan tarixinə baxışda yeni konsepsiyaya ehtiyacın  vacibliyini qeyd edərkən deyir ki, Azərbaycan çoxmillətli dövlətdir və onun inkişaf yolu dünya ölkələri ilə müqayisədə olduqca mürəkkəb tarixi mərhələlərdən keçib.


Söhbət nədən gedir və dünyada konseptual tarixi baxışlar hansı məsələləri əhatə edir?

Şübhəsiz ki, yeni milli konsepsiyanın ən mühüm detalı ideologiyadır.

Ölkənin ideoloji mənzərəsinin dəqiq qiymətləndirilməsi və gələcək potensial risklərə dair ölkə rəhbərliyi tərəfindən verilən mesajlar göstərir ki, qısa müddətdə fundamental addımlar atılmalı və yeni reallıqlar qiymətləndirilməlidir.

Belə ki, hazırda milli ideoloji kimliyin formalaşmasında yeni tendensiyaları -  vətən müharibəsindən sonra yaranan yanaşmaları, güclənən dini meylləri və qərbdən ixrac edilən dəyərlərin yaratdığı mənəvi aşınmaların nəticələri nəzərə alınmalıdır.

Bu istiqamətdə bir neçə vacib addım atılmalıdır.

1. Azərbaycanın qonşu olduğu dövlətlərin ərazisində milyonlarla Azərbaycan dilində danışan şəxs yaşamaqdadır.

a) İranda 30 milyondan artıq.

b) Türkiyədə birbaşa dini və etnik  bağlılıq nəzərə alınarsa, 10 milyon.

c) Gürcüstanda yarım milyon.

d) Rusiyada və Dağıstanda 2 milyon nəfərdən artıq.

e) Orta Asiyada təxminən, 100 milyon nəfərə yaxın (Əfqanıstan xəzərləri və əfşarlar daxil olmaqla)

f) İraq və Suriyada ilkin rəqəmlərə görə, 6 milyona yaxın.

g) Ermənistanda Qarabağdan gedənlər və 30 yaşdan artıq əhali kəsimini nəzərə alsaq, təxminən, yarım milyon.


Azərbaycan dilinin sərhədlərinin fəth etdiyi coğrafiyalarda yaşayan xalqların ilkin sayı 150 milyon nəfərə yaxındır. Bu coğrafiyalarda mütəmadi şəkildə Azərbaycan dilində internet materialları izlənməkdədir.

2. Musiqi dili ilə ideoloji təbliğat – Azərbaycan dilində səsləndirilən son dövr musiqilərinin əksəriyyəti sözügedən ölkələrdə trendlərdə qalmaqdadır və bu Azərbaycan dilinin türk dünyasında güclənməsində müstəsna rol oynamaqdadır. Musiqimizə yaranan tələbat ölkəmizin sosial həyatı və ümumi vəziyyəti haqda informasiyalara da böyük maraq yaratmaqdadır. Amma biz sözügedən mahnı mətnlərində hansı ideoloji material ötürürük və onların görmək istədiyi Azərbaycan haqda təsəvvürləri necə yarada bilirik? Bu, həll edilməlidir.

3. Dörd tərəfdə yaşayan və dilimizi anlayan şəxslər üçün hansı ideoloji, siyasi, mədəni fəaliyyətlər həyata keçiririk? Məsələn, Ermənistanda yaşayan azərbaycandilli ermənilər üçün konkret hansı işlər həyata keçiririk? Yaxud da Borçalıda, Dərbənddə və ya digər müvafiq ərazilərdə...

4. Azərbaycanda təxminən, 2166 məscid var, hər məscid icmasında cümə günü orta hesabla 100-200 nəfər toplaşır. Bu, təxminən, yarım milyon nəfər deməkdir. Lakin heç bir məsciddə minbərdən ölkənin milli maraqları, ideologiyası dini tezislər kontekstində şərh edilmir. Ümumiyyətlə, bu sahədə boş buraxılıb və əvəzində din adı altında yad ölkələrin ideoloji baxışları təbliğ edilir. Axı bizim şəhidlik institunun təfsiri din dəyərləri ilə də ölçülür.

5. Ölkədə meyxana janrının artan dinamikası özü ilə zərərli yanaşmaları da təbliğ edir, bu, olduqca güclü bir təsir vasitəsinə çevrilməkdədir, amma nə üçün milyonlarla kütləyə sahib olan janrın ideoloji istiqamətləri üzrə dövlət iş aparmasın ki...

Bəli, tarix konsepsiyası bir çox suallara cavab verə bilər, o cümlədən, simulyasiya bizim tarix üçün tətbiq edilərsə, nəticə ilə indidən tanış olmaq məni çox həyəcanladırardı.

Məsələn, Nadir Şah 1747-ci ildə öldürülməsəydi, Azərbaycan dövlətçiliyinin taleyi necə olardı?


İlk 10-15 il də Nadir yaşlı idi, amma hələ də güclü hərbi lider idi. Ölümündən qaçsa, daxili üsyanları amansızcasına boğardı. Azərbaycanın vahid vilayəti (Nadir dövründə artıq Təbriz mərkəzli vahid inzibati vahid idi) saxlanardı.


Xanlıqların yaranması əngəllənərdi. Panahəli xan kimi yerli hakimlər ya itaət edər, ya da məhv olardı.

İqtisadiyyat ağır vergi altında qalardı, amma mərkəzi ordu və inzibati gücü saxlanardı. Azərbaycan torpaqları daha az dağıntı görərdi.

Növbəti 20 ildə -  Nadir təbii ölüm və ya sui-qəsdlə ölərdi, amma daha güclü varis (məsələn, daha hazırlıqlı oğul və ya qardaş) buraxardı. Afşar sülaləsi Qacarlar kimi güclənə bilərdi.  Azərbaycan mərkəzləşdirilmiş İran dövlətinin ayrılmaz hissəsi olaraq qalardı. Xanlıqlar əvəzinə böyük vilayətlər sistemi davam edərdi.   Osmanlı və Rusiya ilə sərhədlər daha möhkəm qorunardı. Rusiyanın Qafqaza irəliləməsi (Gülüstan və Türkmənçay müqavilələri) ya gecikər, ya da tamamilə fərqli olardı.


Afşar və ya güclü varis sülaləsi  ölkəni 19-cu əsrin əvvəllərində modernləşdirməyə başlayardı (Qacarlar kimi, amma daha erkən). Azərbaycan neft və ticarət potensialı ilə imperiyanın iqtisadi mərkəzlərindən birinə çevrilərdi.  Rusiya ilə müharibələr daha çətin keçərdi. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ya baş verməzdi, ya da çox gecikərdi.  

Azərbaycan milli şüuru və dövlətçilik ənənəsi daha güclü mərkəzi Afşarlar dövləti kontekstində formalaşardı. 

Yaxud da, 1920 işğalı olmasaydı, ilk illərdə neft gəlirləri ilə ordu gücləndirilər, xalq arasında birlik yaradılardı. 1920-1930-cu illərdə Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi inkişaf edərdi. Sovet işğalı olmadığı üçün milyonlarla insan repressiyalara məruz qalmazdı, 20 Yanvar və Qarabağ müharibəsi fərqli şəkildə keçərdi. Azərbaycan daha erkən müstəqil iqtisadiyyata, güclü orduya və beynəlxalq əlaqələrə sahib olardı. Bəlkə də Qarabağ problemini 1920-30-cu illərdə həll edərdi və bu gün daha böyük, daha zəngin və daha güclü bir ölkə olardı.

Yaxud 1514-cü ildə baş verən Çaldıran döyüşünün aqibəti fərqli olsaydı, bizim prizmamızdan bölgənin, islamın, Avropanın, Anadolunun taleyi necə dəyişərdi? 


Azərbaycan tarix elmi populyar qaydada xronika ilə deyil, dərsləri ilə öyrədilsə, necə nəticə əldə etmək olardı?

İctimai rəydə tarixi-siyasi sərhədlər necə başa düşülür – sualının cavabı indinin özündə belə məlum deyil.

Ölkənin ideoloji və siyasi tarixi formal iddialardan kənara çıxa bilmir.

Ən həlledici nöqtə isə burdadır: 

Azərbaycan xalqını xalq kimi formalaşdıran hadisə hansıdır?

Məsələn, rusları Stalinqrad, türkləri Çanaqqala, ingilisləri Vaterloo xalqa çevirdisə, bizi Vətən müharibəsi, xüsusilə Şuşa əməliyyatı xalqa çevirdi və bu hadisə xalqımız üçün 4  mühüm nəticə ortaya qoymuş oldu:

1. Xalq olduq

2. Tariximiz oldu

3. Qələbəmiz oldu

4. Hədəfimiz nə olacaq?


Çünki qalibiyyət tarixə yanaşmanı və yeni hədəfləri müəyyən etmək adına mühüm həlledici mərhələyə səbəb oldu.

İndi Azərbaycan xalqı üçün bu sual açıq qalır:

Türklərin Qızıl Alması varsa, 

Rusların Üçüncü Roması varsa,

Gürcülərin Kolxidası varsa, 

Ermənilərin “Ağrıdağ”ı varsa, bəs bizim nəyimiz var?

Şəxsi yanaşmama görə, Qalib Lider İlham Əliyevin tarixi missiyası ilə başlayan axtarış prosesinə bugünkü tarix elmi konseptual olaraq da cavab verməyə borcludur – bizim simvolumuzu tapmaqla tariximizi, ideologiyamızı, kimliyimizi və gələcək vəzifələrimizi, bir sözlə tarixdə qalaq üçün motivasiyamızı müəyyən edə bilər.


Şəxsi olaraq bu, mənə görə Nadirin özünü şah elan etdiyi Suqovuşan – Muğan qurultayı prosesidir - ərazi, əhali, dinə baxış və gələcək perspektivlər adına Azərbaycan dövlətçilik tarixinin ən möhtəşəm, başlanğıc zirvəsi idi.

Suqovuşan simvolunun tarixi - siyasi ağırlığı mənasından ön plana çıxmazmı?

Böyük dövlətçiliyin tarixi yadigarı kimi

Biz böyük dövlət qura bilərik tarixinin şahidi kimi

Eləcə də Vətən Savaşının “Suqovuşan” zəfər səhifəsi kimi...

Suqovuşan – Kür ilə Arazın qovuşduğu, Azərbaycan tarixinin ən mühüm qovşağında milli kimliyin simvolik şəhərini salmaq lazımdır. Özbəklərin Əmir Teymura ucaltdığı heykəl kimi, burada da Nadir Şaha layiq bir abidə kompleksi qaldırmaq ən vacib tarixi istinad nöqtələrindən biri olardı.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

tag: Azərbaycan,Əfşarlar,Suqovuşan,Vətən savaşı,Todaypress.tv,