Kürdlər hərəkətə keçdi: Suriyada vəziyyət yenidən qarışır?

Təhlil

08.12.2025 16:21

Suriyada kürdlərin yeni idarəetmə statusu əldə edəcəyi bildirilir. Bununla bağlı artıq beynəlxalq səviyyədə danışıqlar gedir. Dəməşq buna qarşıdır. Lakin ABŞ ilə münasibətləri də gərginləşdirmək istəmir.


Buna görə də Suriya höküməti indi statusun səviyyəsini aşağı salmağa və onun Şimali İraqdakı kürd hökuməti ilə eyni səviyyəyə malik olmamasına çalışır. Hətta hökümət daxilində silahlı kürd qruplarını vurmaqla bağlı da tələblər var.


Bir müddət öncə mərkəzi hökumətlə razılaşan kürd qrupların indi mövqe dəyişikliyinə getdiyi hiss edilir. Bunun əsas səbəblərindən biri son zamanlar Suriya daxilində mərkəzi hakimiyyətin gücləndirilməsi istiqamətində addımlar atılmasıdır. 

Yüksək vəzifələrə, xüsusilə hüquq - mühafizə orqanlarına Əhməd Əl - Şaraaya şəxsi sədaqət göstərən şəxslər gətirilir. Bu isə digər qruplarda narazılıqla yaşanır. İddialar var ki, artıq prezident sarayında fərqli ideologiyalı dini və etnik qrupların komandadan uzaqlaşdırılması istiqamətdə təkliflər verilir. İkinci bir məsələ isə Əl - Şaraa hökumətinin Türkiyə ilə artan yaxınlığıdır. Suriya Demokratik Qüvvələri (SDF) hər nə qədər Ankara – Dəməşq xəttinə mane olmağa çalışsa da, görünür ki, bu məsələdə uğurlu ola bilmədi.


Buna görə də artıq mərkəzi hökumətlə arasında məsafə qoymağa çalışır. Daha bir önəmli səbəb isə prosesə kənar müdaxilədir. Məlum olduğu kimi İsrail Suriyadakı druz və kürd qruplarına dəstəyi davam etdirir. Bu məsələ ilə də müttəfiqlərini də səfərbər edərək kürdlərin muxtar statusa sahib olmasına çalışır.


Kənar müdaxilə səbəbi ilə onların mərkəzi hökumətlə münasibətlərində ciddi gərginlik müşahidə edilirdi. Ola bilər ki, İsrail yenidən Əl - Şaraa hökumətinə qarşı təzyiq siyasətinə başlayıb. Bütün hallarda, əgər vəziyyət bu şəkildə davam edərsə, Suriyada yeni silahlı toqquşmaların yaşanmasının şahidi ola bilərik.

Zeynal Əmrəliyev

tag: Zeynal Əmirəliyev,Politoloq,Kürdlər,Suriya,Todaypress.tv,

photo