Savaşın SON RAUNDU: Zelenskinin taleyi necə olacaq?

Təhlil

28.11.2025 16:13

Rusiya-Ukrayna savaşı bitəndən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin taleyinin necə olacağı son günlərdə ciddi müzakirə olunmağa başlayıb. Bu da səbəbsiz deyil.


Çünki 3 il 9 aylıq savaş sona doğru gedir. Artıq kollektiv Qərb müharibənin uzanmasında maraqlı görünmür. 

Ağ Ev sahibi Donald Trampın 28 bənddən 22 bəndə endirdiyi sülh planı, eləcə də, Avropa İttifaqının buna qarşı çıxardığı 24 bəndlik sülh planı XXI əsrin ən ağır savaşının bitəcəyi barədə ehtimalları artırır. 

Bəs müharibədən sonra Zelenskinin taleyi necə olacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə Ukraynada davam edən siyasi gərginliyə diqqət çəkib:


"Bildiyiniz kimi, son vaxtlar Ukraynada korrupsiya qalmaqalları geniş yayılıb və bir neçə yüksək rütbəli şəxs, həmçinin Prezident Zelenskinin yaxın tərəfdarları saxlanılıb. Hətta Antikorrupsiya İdarəsi və Ukrayna Prokurorluğu Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla da bağlı yoxlamalar aparır. Yermak Zelenskinin ən yaxın çevrəsinə daxildir və Prezident Administrasiyasının idarə olunması ilə yanaşı, Rusiya-Ukrayna müharibəsində əsas fiqurlardan biridir. O, İstanbul və Cenevrə görüşlərində əsas sima kimi iştirak edib.

Bütün bunlar göstərir ki, Ukraynada siyasi gərginlik davam edir. Zelenskinin vəziyyəti artıq ürəkaçan deyil. Məlum olduğu kimi, hazırda Ukraynada prezident seçkiləri keçirmək mümkün deyil və Ali Rada Zelenskinin hakimiyyət müddətini bir qədər uzadıb. Sülh danışıqlarında da hələlik real nəticə yoxdur. Rusiyanın Prezidenti Vladimir Putinin sülh müqaviləsi və ya atəşkəs ilə bağlı tələbləri olduqca sərtdir".


Y.Bağırzadə diqqətə çatdırıb ki, ABŞ administrasiyası ilə Zelenskinin münasibətləri o qədər də isti deyil, lakin Avropa İttifaqına üzv NATO dövlətləri ilə əlaqələri çox yaxındır.

Buna görə də ekpsert Zelenskinin gələcək taleyi barədə qəti fikir söyləməyin çətin olduğunu bildirib. O qeyd edib ki, atəşkəsi və ölkədə keçiriləcək olan prezident seçkilərini gözləmək lazımdır.

Qiymət Mahir

TodayPress TV

tag: Yusif Bağırzadə,Politoloq,Zelenski,Ukrayna,Todaypress.tv,