Yermaka qarşı əməliyyat Zelenskinin göstərişi ilə həyata keçirilib? — DETALLAR
Təhlil
28.11.2025 17:21
Ukraynada Prezident Administrasiyasının rəhbəri, Prezident Volodimir Zelenskinin ən yaxın tərəfdarlarından biri olan Andrey Yermakın mənzilində Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) əməkdaşlarının birgə yoxlamalar apardığı ilə bağlı məlumatlar yayılıb.
![]()
Hadisə ilə bağlı Andrey Yermak yayılan məlumatları təsdiqləyib və adı çəkilən təşkilatların onun evində prosessual hərəkətləri həyata keçirdiyini bildirib. O əlavə edib ki, müstəntiqlərin işinə heç bir maneə yaratmır və özünü onlarla əməkdaşlıq etməyə hazır hiss edir.
Maraqlıdır ki, axtarış onun "Zelenski prezident olduğu müddətcə əraziləri təslim etməyəcəyik" deməsindən sonra həyata keçirilib. Yermakın adı bundan öncə korrupsiyada hallanıb.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Yermak Prezident Volodimir Zelenskinin ən yaxın çevrəsinə daxildir və onun mənzilində aparılan axtarışlar korrupsiya şübhələri ilə əlaqəlidir.

Onun sözlərinə görə, hadisənin hazırkı mərhələdə Ukrayna hakimiyyəti üçün ciddi problemlər yaratması gözlənilir və ölkə daxilində, həmçinin beynəlxalq aləmdə böyük səs-küyə səbəb olacağı ehtimal olunur:
“Bu, mövcud hakimiyyətin korrupsiya faktları ilə bağlı baş vermiş ilk hadisəsi deyil və Ukraynada korrupsiya halları zaman-zaman gündəmə çıxır. Hazırkı vəziyyət göstərir ki, əməliyyat Prezident Zelenskinin göstərişi ilə həyata keçirilib və müharibə şəraitində ölkədə nizam-intizamın qorunmasına yönəlib. Bu, hakimiyyətin digər üzvlərinin də sədaqətlə fəaliyyət göstərməsinə imkan verir. Əlbəttə, Yermak bunun onun hakimiyyətinə müəyyən risklər yaradacağını bilir, lakin ölkənin hazırda ağır tarixi sınaqlarla üz-üzə olduğu bir dövrdə bu addımı gözəl anlayışla atıb”.

Ekspert hesab edir ki, Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın korrupsiya işi üzrə şübhələr təsdiqlənərsə, Prezident Zelenski bu istiqamətdə daha ciddi addımlar atacaq və bu yalnız Ukraynanın xeyrinə olacaq.
Qiymət Mahir
tag: Çingiz Şahbazi,Politoloq,Ukrayna,Zelenski,Yermak,Todaypress.tv,
