Azərbaycandan daha humanist mövqe!

Təhlil

25.07.2025 17:10

“Rusiyanın Azərbaycana qarşı son bir ildə sərgilədiyi mövqeyə baxmayaraq, ölkəmiz öz humanizmini bir daha nümayiş etdirdi və Amur vilayətində baş verən təyyarə qəzasıyla bağlı rəsmi Moskvaya başsağlığı verdi”.

Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O xatırladıb ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya strateji müttəfiqliklə bağlı birgə bəyannamə imzalasa da, Moskva bu sənədin şərtlərini öz maraqlarına uyğun şəkildə həyata keçirməyə çalışır. Bu isə təbii olaraq narahatlıq doğurur.

“Azərbaycanda bu narazılığın əsas səbəblərindən biri ötən ilin dekabrında Rusiya hava məkanında vurulan AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi hadisəsidir. Rusiya bu məsələ ilə bağlı nə üzr istəyib, nə məsuliyyəti öz üzərinə götürüb, nə də ki, kompensasiya ödəyib. Azərbaycan tərəfinin dəfələrlə bu məsələyə həssaslıqla yanaşdığını bəyan etməsinə baxmayaraq, rəsmi Moskva lal-kar-kor siyasəti yürüdür". 

Analitikin sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər və Yekaterinburqda baş verən son hadisələr bir daha göstərir ki, bu, yalnız azərbaycanlılara deyil, ümumilikdə dövlətimizə qarşı yönəlmiş təzyiq siyasətinin tərkib hissəsidir. Bu cür gərginliklər və təxribatlar Rusiyanın Azərbaycanla bağlı məkrli planlarının açıq göstəricisidir. 

“Lakin Azərbaycan bu gərginliklərə rəğmən beynəlxalq hüquq və humanizm prinsiplərinə sadiq qalaraq, Amur vilayətində baş vermiş təyyarə qəzasında həyatını itirən 50 nəfərə yaxın rusiyalı üçün rəsmi başsağlığı verib. Bu addım Azərbaycanın ədalətli və humanist mövqeyinin təzahürüdür”.

S.Hümbətovun qənaətincə, Rusiya böyük dövlət olsa da, səmimi üzrxahlıq və məsuliyyətini qəbul etməyincə, onun siyasi çəkisi zəifləyir. 

“Lakin ümid edək ki, Azərbaycanın humanist davranışı Rusiyanın müəyyən dairələrində müsbət reaksiya doğuraraq, gələcəkdə münasibətlərin normallaşması və üzrxahlıq kimi addımların atılması üçün zəmin yaradacaq”, - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 24-də Rusiyanın Amur vilayətində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub. Hadisənin ardınca Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə qəzası ilə bağlı başsağlığı verib.

Töhfə Səməd

tag: Samir Hümbətov,Politoloq,Azərbaycan,Rusiya,Humanitar,Mövqe,Todaypress.tv,

photo