Azərbaycan liderinin Danimarka səfəri: “Ölkəmiz strateji tərəfdaş kimi qəbul olunur”
Təhlil
02.10.2025 14:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkaya işgüzar səfər edib.
Səfər çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
“Avropa tərəfi Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu və Avropanın enerji təhlükəsizliyində rolunu vurğulayıb”
Politoloq Şakir Ağayev gedişatı TodayPress TV-yə şərh edərkən bildirib ki, bu səfərin Azərbaycan üçün ümumi önəmi bir neçə aspektdən ibarətdir:
"Prezident İlham Əliyev Danimarkada “Avropa Siyasi Birliyi”nin 7-ci siyasi toplantısında iştirak edir və səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Bunlar arasında Moldova Prezidenti Maya Sandu və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlər xüsusilə diqqət çəkir. Görüşlərdə Avropa tərəfi Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu və Avropanın enerji təhlükəsizliyində rolunu vurğulayıb. Həmçinin Azərbaycanın regiondakı yeni reallıqları, 44 günlük müharibədən sonra formalaşan vəziyyət və Rusiya–Ukrayna müharibəsindən sonra Cənubi Qafqazdakı geosiyasi mövqeyi də Avropanın diqqət mərkəzindədir. Bu, Avropa Birliyinin Azərbaycanın regional əhəmiyyətini qəbul etməsi və ölkəmizə tərəfdaş kimi yanaşmasının göstəricisidir".
“Görüşlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını, uğurlu diplomatik siyasətinin nəticələrini nümayiş etdirir”
Şakir Ağayev qeyd edib ki, İlham Əliyevin Nikol Paşinyanla görüşündə kommunikasiyaların açılması və sülh müqaviləsinə doğru gedən proseslər müzakirə olunub.
"Bütün bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını, uğurlu diplomatik siyasətinin nəticələrini nümayiş etdirir. Azərbaycan artıq ikili standartlı və qərəzli münasibətlə deyil, strateji tərəfdaş kimi qəbul olunur ki, bu da ölkənin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir".
Politoloq son olaraq əlavə edib ki, dəyişən qlobal və regional nizamda Azərbaycanın rolunun güclənməsi, beynəlxalq maraqların ölkəmizə yönəlməsi və Azərbaycanın bu prosesdə fəal iştirak etməsi, gələcəkdə yeni dünya nizamının formalaşmasında ölkəmizin daha mühüm rol oynayacağını göstərir.
Jalə Rövşən
tag: İlham Əliyev,Avropa Siyasi Birliyi,Politoloq,Şərh,Todaypress.tv,
