Mertsin sərt bəyanatları: Moskvanın vurulmasına qədər hesablamalıyıq…
“Almaniya kansleri Fridix Merts ölkədə istehal olunan raketlərin heç bir mənzil məhdudiyyəti olmayacağını deyirsə, bu halda Moskvanın vurulmasına qədər hesablama aparmaq məcburiyyətindəyik”.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Almaniya ikitərəfli “oynayır”:
“Almaniya Bakı görüşündə Rusiya ilə dialoq pəncərələri axtarırdı. Təhlükəsizlik nöqteyi-nəzərindən Almaniya elə hesab edir ki, Rusiya indiki vəziyyətdə cəzalandırılsa, onun sonrakı aqressiyalarının qarşısını almaq mümkündür. Bu mənada bloklaşmaya getdilər. Qərbi Avropa bloklaşmaya gedən mərhələdə bir neçə dövlət Rusiyaya qarşı birləşmiş oldu. Buna da ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsində Rusiya ilə münasibətlərinə görə yaranmış vəziyyət səbəb oldu. Məncə, Merts “Almaniya və Ukrayna birgə uzaqmənzilli silahlar istehsal edəcək” deyəndə “özbaşına” danışmır”.
Ekspert diqqətə çatdırıb ki, artıq Polşa, Britaniya, Fransa, Almaniya Rusiyaya qarşı Amerikasız ciddi hərbi veto qoymaq niyyətindədir. Ə. Əlibəyli Almaniyanın burada əsas ölkə kimi seçilməsini onun Avropa İttifaqının əsas investor ölkəsi olması ilə əlaqələndirib:
“Almaniya, insan potensialına malik olmaqla da bir növ İkinci Dünya müharibəsinin nəticələrinin aradan qaldırılmasına yönəlik addımları reallaşdırmaq üzrədir. Çünki onun üzərində ciddi hərbi qadağa, limitlər var idi. Ukrayna müharibəsində Almaniyanın indiki vəziyyəti, uzaqmənzilli silahlar istehsal etməsi və bunu Ukraynaya ötürməsinin arxasında o dayanır ki, cəbhədə Rusiya ordusunun öhtəsindən mobil dəstələrlə gələ bilsələr də, mənbələri dağıtmaq üçün raketlər çatmır. Bu mənada Ukraynaya 5 milyard avroluq dəstək vermək nəzərdən keçirilir. Məncə, Merts bunu Rusiyanın hava hücumlarında çox sayda mülki şəxsin öldürülməsi və infrastrukturun kütləvi şəkildə məhv edilməsinin qarşısını almaqla bağlı əsaslandırma kimi deyir, hətta bildirirsə ki, Almaniyada istehsal olunan raketlərin heç bir mənzil məhdudiyyəti olmayacaq, deməli, hədəflər Rusiya ordusunun cəbhə xəttindən başqa təminat xətləri, o cümlədən qərargah xətləridir. Bu halda, hətta Moskvanın vurulmasına qədər hesablama aparmaq məcburiyyətindəyik”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski mayın 28-də Almaniyaya səfər edib.
Mətbuata bəyanatları zamanı kansler Fridrix Merts Almaniyanın Rusiyaya qarşı təzyiqi artırmaq niyyətində olduğunu və Ukraynaya hərbi yardımın daha da genişləndirilərək davam etdiriləcəyini bildirib, Almaniya və Ukraynanın uzaqmənzilli silah sistemlərinin alınması ilə bağlı niyyət protokolu imzalayacaqlarını vurğulayıb.
O, silahlar üçün məsafə məhdudiyyətinin nəzərdə tutulmadığını bəyan edib.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Almaniya,Fridrix Merts,Todaypress.tv,
