ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir?

Təhlil

23.07.2025 17:56

ABŞ hökuməti Əfqanıstan və Kamerundan olan miqrantların müvəqqəti qoruma statusunu (TPS – Temporary Protected Status) dayandırmaq barədə qərar verib. Bu qərarla on minlərlə miqrant hüquqi müdafiədən məhrum edilir və ölkədə qalmaq hüququnu itirir.       

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki, bu qərar Əfqanıstan hökuməti ilə ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb olmayacaq.

Onun sözlərinə görə, Vaşinqtonun qərarının arxasında “Taliban” hökumətinə olan etimad dayanır: 

“ABŞ hökuməti düşünür ki, “Taliban” rəhbərliyi Əfqanıstanda təhlükəsiz şərait yaratmağı bacarıb. Bu səbəbdən də miqrantların geri qaytarılması qərarı verilib. Hərçənd ki, bir çox dairələr bu yanaşmanı qəbul etmir, lakin bu qərar “Taliban” hakimiyyətinə etimad ifadəsi kimi də qiymətləndirilə bilər”.  

Politoloq hesab edir ki, sözügedən qərar Əfqanıstan hakimiyyəti tərəfindən də müsbət qarşılanacaq və son illərdə “Taliban”ın göstərdiyi fəaliyyətə ABŞ prezidenti Donald Trampın verdiyi qiymət kimi dəyərləndiriləcək.

“Belə ki, təxminən 11 min 700 əfqanın statusu dərhal qüvvədən düşəcək. Kamerun vətəndaşları üçün isə bu müddət 4 avqusta qədər uzadılıb. Bu tarixdən sonra 5200 nəfərdən çox kamerunlu da eyni vəziyyətə düşə bilər. Miqrant hüquqlarını müdafiə edən təşkilatlar bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət etsə də, Virciniyadakı Apellyasiya Məhkəməsi ABŞ hökumətinin qərarını qüvvədə saxlayıb və təxirə salmayıb”.

Siyasi şərhçi vurğulayıb ki, rəsmi Vaşinqton hesab edir ki, Əfqanıstan və Kamerun vətəndaşları artıq öz ölkələrinə qayıdaraq təhlükəsiz şəkildə yaşaya bilərlər. 

Lakin hüquq müdafiəçiləri və miqrantlar bu fikirlə razı deyil. Onlar bildirirlər ki, xüsusilə Əfqanıstanda təhlükəsizlik hələ də zəifdir və ölkəyə geri qayıdan şəxsləri həbs, işgəncə və hətta ölüm təhlükəsi gözləyə bilər.

Qeyd edək ki, ABŞ-də TPS statusu vətəndaş müharibəsi, təbii fəlakət və ya digər humanitar böhran səbəbindən öz ölkəsinə qayıtma təhlükəli olan miqrantlara verilir.

Türkan İsgəndərli

tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,Miqrantlar,Todaypress.tv,

photo