Meyvə yeməyin ağciyərlərə möcüzəvi təsiri ortaya çıxdı
Sosial
18.10.2025 19:45
Meyvə istehlakı qadınlarda hava çirkliliyinin ağciyərə təsirini azaldır.
TodayPress TV xəbər verir ki, Avropa Tənəffüs Cəmiyyəti Konqresində təqdim olunan araşdırmaya görə, gündə ən azı dörd porsiya meyvə yeyən qadınlarda hava çirkliliyinin ağciyər funksiyasına mənfi təsiri daha az müşahidə olunur.
İngiltərənin Leicester Universitetinin tədqiqatçısı Pimpika Kaewsri bildirib ki, dünya əhalisinin böyük hissəsi yüksək hava çirkliliyinə məruz qalır və bu, ağciyər funksiyasının azalmasına səbəb olur. Lakin sağlam qidalanma bu mənfi təsiri zəiflədə bilər.
Tədqiqatda 200 min nəfərin qidalanma vərdişləri və ağciyər tutumu (FEV1) araşdırılıb. Nəticələr göstərib ki, meyvə istehlakı az olan qadınlarda havanın çirklənməsi hər 5 µg/m³ artanda FEV1 78 ml azalır, meyvə istehlakı yüksək olanlarda isə bu azalmanın miqdarı 57 ml-dir.
Kaewsri qeyd edib ki, meyvələrdə olan təbii antioksidantlar və antiinflamatuar birləşmələr incə hissəciklərin yaratdığı oksidləşdirici stressi azaldaraq ağciyəri qoruyur. Araşdırma həmçinin göstərib ki, kişilər qadınlara nisbətən daha az meyvə istehlak etdiyindən, qoruyucu təsirin əsasən qadınlarda müşahidə olunduğu düşünülür.
Turin Universitetinin professoru Sara De Matteis isə əlavə edib ki, sağlam qidalanma faydalı olsa da, hökumətləri hava çirkliliyini azaltmaq məsuliyyətindən azad etmir.
Tədqiqat meyvə istehlakının hava çirkliliyinə məruz qalan cəmiyyətlərdə tənəffüs sağlamlığının qorunmasında önəmli dəstək rolunu göstərə bilər.
Jalə Rövşən
tag: Meyvə istehlakı,Hava çirkliliyi,Sağlamlıq ,Ağciyərlər,Todaypress.tv,
