Xocalıların meyitlərini benzinə dəyişənlər, indi həmin benzini qatarlarla alırlar… — Litvalı jurnalist yazır…

Siyasət

27.02.2026 13:24

26 fevral tarixində hər bir azərbaycanlı ürəyində bir şam yandırır, bütün insanlığını ortaya qoyaraq çalışır ki, bu gün yaddaşlarda əbədi qalsın.

Erməni politoloqu Levon Melik-Şahnazaryan bir müsahibəsində deyirdi:

“Xocalıda başladılan əməliyyata Arkadi Ter-Tadevosyan rəhbərlik edirdi.

Polkovnik Savelyevin məxfi arayışında qeyd olunurdu ki, 366-cı motoatıcı alayın komandiri polkovnik Zarvigorov ermənilərlə birləşmişdi. Söhbət rus komandirlərindən Arkadi Moiseyev, Qavril Nabokix, İsxak Lixodey və 2-ci batalyonun komandiri, erməni əsilli Seyran Oqonyandan gedir.

Bildirilir ki, öldürülmüş azərbaycanlıları heç kəs dəfn etməyə belə hazırlaşmırdı. Yarım metr dərinliyində bir çuxur qazılır, üstündən torpaq atılırdı… Belə düşüncə tərzi yalnız erməni terrorçularında deyil, alayın rəhbər heyətində də mövcud idi. Yevgeni Nabokix – alayın daha bir rus komandiri yanında erməni millətindən olan 50-dən çox zabit və gizir saxlayırdı.

Ukraynalı pilot Leonid Kravets həmin hadisələri xatırlayarkən belə deyirdi:

“Onlar faşistlərdən də pis davranırdılar. Uçuş zamanı təxminən 200 meyit gördüm. Bir uşağın başı kəsilmişdi. Bir milis kapitanı meyitlərin arasında dörd yaşlı oğlunu tapdı. Uşağın kəllə sümüyü parçalanmışdı və o, dəli oldu…”

Ən dəhşətlisi isə o idi ki, erməni terrorçuları öldürülmüş qadınların və uşaqların meyitləri hələ də şəhərin küçələrində qan gölməçələrində qaldığı halda, dərhal Xocalı sakinlərinin əmlakını öz aralarında bölüşdürməyə başladılar.

Bu günə qədər qadınları, uşaqları və qocaları xilas etmək üçün düşmənin diqqətini öz üzərlərinə çəkməyə çalışan azərbaycanlı əsgərlərin taleyi də məlum deyil. Onlar bir beşmərtəbəli binada barrikada qurmuşdular. Döyüş yalnız növbəti gün səngidi.

Terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” kitabında belə yazılır:

“Monte gedirdi, ayaqları altında xışıldayan quru budaqların üzərində qadınlar və qızlar kuklalar kimi səpələnmişdilər. “Heç bir intizam yoxdur”, – deyə o, mızıldanırdı. O, bu tarixin əhəmiyyətini bilirdi. Xocalı strateji hədəf idi”. 

Gecə saat 11 radələrində təxminən 2000 erməni silahlısı ötən ildən qalmış sıx otların içi ilə üç tərəfdən Xocalıya yaxınlaşaraq şəhər sakinlərini şərq istiqamətinə – guya açıq saxlanılmış tərəfə doğru qovmağa başladılar.  

Beş yaşlı Aysel Xocalıya hücumdan bir neçə gün əvvəl Ağdam qəbiristanlığında dəfn edilmişdi. O, valideynləri kimi, bir çox xocalılar kimi günlərlə paltarlı halda yatmışdı. Aysel həmin gecə vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biri idi.

Anası onu oyadanda Aysel hələ bilmirdi ki, səhərə qədər sağ qalmayacaq. Necə ki, daha 106 ana da sağ qalmayacaqdı. Sağ qalmağı bacaran bəzi uşaqlar isə ömürlük şikəst qalacaqdılar. Üstəlik, onların gözləri qarşısında valideynləri öldürülmüş, qadınlar və hətta azyaşlı qızlar zorlanmışdı.

Ayseli ermənilər yalnız azərbaycanlı olduğu üçün öldürdülər. O, bu dünyadan açıq gözlərlə getdi. Halbuki erməni terrorçuları çox istəyirdilər ki, dünya onların törətdiyi cinayətlərə göz yumsun.

Onları terrorçu adlandırmaq belə çətindir – onlar qeyri-insandır və insanlıq tarixində də belə qalacaqlar.

Aysel Ağdamda dəfn olunmuşdu. Mən də həmin qəbiristanlığa dua etməyə gəlmişdim – Allahverdi Bağırovun məzarı başına. Bu, 1993-cü ilin iyulunda – şəhərin işğalından üç gün əvvəl idi. Mən ora yalnız İkinci Qarabağ müharibəsindən sonra yenidən qayıda bildim. 

Ermənilər Ayseli və burada dəfn olunan digər xocalıları sanki ikinci dəfə öldürmək istədilər. Çünki qəbiristanlığı dağıtdılar. Orada insan sümükləri səpələnmişdi, tikanlı məftillər atılmışdı, ac itlər dolaşırdı.

Bir rus jurnalistinin Xocalı soyqırımından iki həftə sonra yazdığı məqalədə belə qeyd olunur:

“Onlar şəhərdə sərxoş halda dolaşırlar. Havaya atəş açır, qışqırır, gülür, xocalıların evlərinə girib hər şeyi talayırlar… Onları qan narahat etmir. Dəhşətli idi!”

Şəxsən mən bu gün də xocalıların cəlladlarını düşündükdə sanki qeyri-insani bir şey haqqında düşündüyümü hiss edirəm. Bu hissi ifadə etməyə söz belə tapılmır.

Erməni terrorçuları Ayselin gözlərini əbədi bağlamaq istəyirdilər… Amma elə oldu ki, biz onu əbədi xatırlayacağıq. Necə ki, bütün 613 nəfəri xatırlayacağıq! Mən bilirəm ki, ölənlərin sayı bundan daha çox idi. Çünki Xocalı soyqırımından sonra səhər Ağdamda olmuşam.

Bu gün ən vacib olan yaddaşdır. Yaddaş olmasa, şər dünyada dolaşmağa davam edəcək.

Qoy Xocalı yaddaşı əbədi yaşasın!

Bu soyqırımı törədənlərə də, susanlara da, terrorçuları qınamayanlara da ar olsun!

Aysel Allahverdi Bağırovun məzarı yanında dəfn olunub. O, başqalarının həyatını xilas etmək üçün özünü unutmuşdu – ailəsini, balaca qızlarını belə düşünmədən.


Sənə baş əyirik, Komandir!

Sən bizim qəlbimizdə yaşayırsan!

Sən yaşayırsan, Yaddaş!


Və əgər indi deyilsə, bəs nə vaxt Ermənistan tövbə edəcək? Onların vicdanı nə vaxt oyanacaq?

Axı o vaxt xocalıların meyitlərini bir bidon benzinə dəyişirdilər. Bu gün isə həmin sərvətləri qatarlarla alırlar… 

Nə vaxt..?


(Riçardas Lapaitis, litvalı hərbi jurnalist)

tag: Riçardas Lapaitis,Litvalı jurnalist,Ermənistan,Yaddaş,Todaypress.tv,

photo