Türk ordusunun qəhrəmanlıq dastanı: 30 Avqust Zəfər Bayramı
Siyasət
30.08.2025 11:10
“Türk tarixində elə günlər var ki, bir millətin taleyinin dəyişdiyi an kimi dəyərləndirilir. 30 Avqust 1922-ci ildə qazanılan Böyük Zəfər məhz belə günlərdən biridir. Mustafa Kamal Atatürkün başçılığı ilə həyata keçirilən Böyük Hücum və Başkomandanlıq Meydan Döyüşü yalnız hərbi uğur deyil, həm də bir millətin öz varlığı, istiqlalı və gələcəyi uğrunda ayağa qalxmasının simvoludur”.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz bunu TodayPress TV-yə danışarkən bildirib.
O xatırladıb ki, Birinci Dünya müharibəsindən sonra, 1918-ci ilin sonunda imzalanan Mondros Müvəqqəti Sülh Müqaviləsi ilə Osmanlı ordusu tərksilah edilib. İtilaf dövlətləri – İngiltərə, Fransa, İtaliya və onların dəstəklədiyi Yunanıstan Anadolu torpaqlarını işğal etməyə başlayıblar.
“1919-cu ilin 15 mayında Yunan ordusunun İzmirdə görünməsi, bu niyyətin açıq göstəricisi idi. Türk yazıçı, siyasətçi, alim Xalidə Ədib Adıvarın da "Türkün odla imtahanı" əsərində vurğuladığı kimi, ölkənin müxtəlif bölgələri ard-arda işğal olundu, İstanbulda İtilaf donanması, Adanada fransızlar, cənub-qərbdə italyanlar, şərqdə və cənubda ingilislər möhkəmləndi.
Amma bu xalq əsla boyun əymədi. “Kuvayı Milliyə” hərəkatı ilə birlik və dirəniş ruhu gücləndi. “Ya istiklal, ya ölüm!” şüarı ilə başlayan bu mübarizə, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin öz işinə başlaması ilə siyasi və hərbi baxımdan yeni mərhələyə qədəm qoydu”.
Ekspert diqqətə çatdırıb ki, 1921-ci ildə Yunan ordusu Polatlıya qədər irəliləmişdi. Vətənin ürəyi sayılan Ankaranın təhlükə altında olduğu bir vaxtda, Sakarya çayı boyunca başlanan və 22 gün 22 gecə davam edən Sakarya Meydan Döyüşü hər şeyin taleyini dəyişdi. Böyük sərkərdə Mustafa Kamal Atatürkün“Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır. O səth bütün vətəndir!” deyə verdiyi əmrlə Türk əsgəri geri çəkilmədi. Bu, təkcə hərbi strategiya deyil, milli dirəniş fəlsəfəsi idi.
“Bu döyüşlə müdafiə mövqeyindən çıxan Türkiyə, bir illik hazırlıqdan sonra 1922-ci ilin 26 avqustunda Böyük Hücumu başlatdı. Qocatəpədən başlanan top atəşi ilə Türk ordusu düşmənin ön cəbhəsini yararaq sürətlə irəlilədi. 27 avqustda Afyonkarahisar azad edildi. İki gün davam edən müvəffəqiyyətli əməliyyatlar nəticəsində düşmənin əsas qüvvələri zəiflədildi.
30 avqust səhəri Mustafa Kamal Atatürk Zafertepe Çalköydə son həlledici hücum əmri verdi. Dumlupınarda Yunan qüvvələri mühasirəyə alındı və tam məğlub edildi. Bu, sadəcə bir qələbə deyildi, bu, bir millətin yenidən doğuş anı idi. Zəfərdən bir gün sonra Atatürk, ordusuna verdiyi əmrində deyirdi:
“Ordular! İlk hədəfiniz Aralıq dənizidir. İrəli!”.
Bu əmrin ardınca Türk ordusu ard-arda bölgələri azad etdi”.
Analitikin sözlərinə görə, böyük hücumun simvolik məqamlarından biri də 57-ci diviziyanın komandanı Albay (Polkovnik) Rəşadın faciəsidir. 27 avqustda Çiğiltepenin ələ keçirilməsindəki cüzi gecikməyə görə verdiyi vədi yerinə yetirə bilmədiyini düşünən Albay Rəşad “Sözümü yerinə yetirə bilmədiyim üçün yaşaya bilmərəm” deyərək intihar edib. Maraqlıdır ki, hədəf onun ölümündən cəmi 15 dəqiqə sonra alınıb. Bu hadisə, Türk zabitinin məsuliyyət və şərəf hissinin, vətənə sədaqətinin bariz nümunəsi kimi tarixə düşüb.
Atatürk, 30 avqust 1924-cü ildə Zafertepe Çalköydə keçirilən anım mərasimində bu zəfəri belə xarakterizə etmişdi:
“Afyonkarahisar-Dumlupınar Meydan Döyüşü və onun son hissəsi olan 30 Avqust Zəfəri, təkcə bizim deyil, dünya tarixində də dönüş nöqtəsidir. Yeni Türk dövlətinin əsası burada qoyuldu, Cümhuriyyətin əbədi yaşaması burada təmin olundu”.
“Bu tarix, yalnız bir hərbi zəfərin deyil, bir millətin öz azadlıq və suverenliyini nəyin bahasına olursa olsun qoruyacağını sübut etdiyi gündür. Bu gün, həm tarixə nəzər yetirmək, həm də gələcəyə məsuliyyətlə addımlamaq günüdür. Çünki o zəfəri qazanan nəsil, gələcək nəsillərə “bu vətən sizə əmanətdir” mesajını da verdi”, - deyə İ.Cingöz fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ilk dəfə 1926-cı ildə rəsmi olaraq qeyd olunmağa başlanan 30 Avqust Zəfər Bayramı bu gün də Türkiyənin hər yerində və Şimali Kipr Türk Cümhuriyyətində coşqu ilə qarşılanır.
Töhfə Səməd
tag: İsmail Cingöz,Ekspert,30 avqust,Zəfər Bayramı,Todaypress.tv,
