Tramp "dəbdən düşür" - Bu dəfə "MAGA"lar da xilas edə bilməyəcək

Siyasət

01.05.2026 13:34

"Reuters" və "Ipsos"un  24–27 aprel tarixlərində keçirilən sorğuya əsasən, ABŞ Prezidenti Donald Trampın ümumi təsdiq reytinqi ikinci prezidentlik müddətinin ən aşağı səviyyəsinə — 34%-ə düşüb. Bu əvvəlki sorğuda 36% idi. Onun fəaliyyətini bəyənməyənlərin payı isə artıq  64%-ə çatır.

Xüsusilə yaşayış xərcləri və inflyasiya ilə bağlı göstəricilər daha zəifdir: yalnız 22% respondent Trampın bu sahədə fəaliyyətini təsdiqləyir ki bu da əvvəlki 25%-dən azdır.  İnflyasiya və qiymət artımı ilə bağlı təsdiq səviyyəsi isə 21–23% aralığındadır.

Budurmu o vəd olunan "Böyük Amerika"? "Mr nice guy"ın reytinqi niyə yerlərdədir? Gəlin, rəqəmlərin pərdəarxasına baxaq...

Təbii ki, əsas səbəblərdən biri kimi onun İranla apardığı müharibə göstərilir. Münaqişə qlobal enerji bazarlarına ciddi miqyasda təsir edib.

Benzin qiymətləri kəskin artıb (bəzi məlumatlara görə 34% artaraq orta hesabla $3.98/gallon səviyyəsinə çatıb). Neftin qiyməti $118/barrel-dən yuxarı qalxıb. Bu artım inflyasiyanı sürətləndirib.  İnflyasiya 3.2–3.3%-ə yüksəlib. 

Nəticədə ərzaq, nəqliyyat və digər gündəlik xərclər artıb, bu isə amerikalıların real gəlirlərinə birbaşa təsir göstərib.

Sorğular göstərir ki, müharibənin özünə də ictimai dəstək zəifləyir: hazırda yalnız 34% amerikalı bu münaqişəni dəstəkləyir (martda 38%, aprelin ortalarında 36% idi). Digər sorğular da oxşar tendensiyanı təsdiqləyir — iqtisadiyyat və müharibə ilə bağlı təsdiq 30–37% aralığındadır.

ABŞ siyasətində klassik prinsip yenə özünü doğruldur: “It’s the economy, stupid”.

Seçicilər xarici siyasətdəki uğurları müəyyən qədər dəstəkləyə bilsələr də, gündəlik xərclərin artması daha ciddi narahatlıq doğurur. Trampın həm ilk prezidentliyi dövründə, həm də 2024 seçki kampaniyasında əsas vədlərindən biri inflyasiyanı azaltmaq və iqtisadi artımı təmin etmək idi. Mövcud müharibə ümidləri suya salıb. 

ABŞ enerji ixrac edən ölkə olsa da, qlobal qiymət artımı daxili bazara təsir göstərir, xüsusilə Hörmüz boğazı ətrafındakı risklər səbəbindən. Respublikaçı seçicilərin əhəmiyyətli hissəsi yaşayış xərclərinin artmasından narazıdır, xüsusilə gənclər arasında bu narazılıq daha yüksəkdir. Bəzi sorğularda seçicilərin bir hissəsi iqtisadi vəziyyəti Bayden dövrü ilə müqayisədə daha zəif qiymətləndirir.

Münaqişənin maliyyə tərəfi də diqqətçəkən məqamdır.  Pentaqonun məlumatına görə, artıq $25 milyarddan çox vəsait xərclənib, bəzi qiymətləndirmələr isə bu rəqəmin $40–50 milyarda çata biləcəyini göstərir. Bu isə dövlət büdcəsinə əlavə təzyiq yaradır və inflyasiya risklərini artırır.

Tramp administrasiyası müharibəni İranın nüvə proqramını dayandırmaq və potensial rejim dəyişikliyinə nail olmaq üçün zəruri addım kimi təqdim edir. Lakin ictimaiyyətin gözləntilərindəki “qısa və qəti qələbə” ssenarisi getdikcə uzunmüddətli münaqişə reallığı ilə əvəzlənir.

Tarixi baxımdan bu vəziyyət 2000-ci illərin əvvəlindəki İraq müharibəsini xatırladır — ilkin dəstək sonradan iqtisadi və insan itkiləri fonunda azalmışdı.

Mövcud məlumatlar göstərir ki, İranla müharibə enerji qiymətlərinin artmasına, bunun nəticəsində isə yaşayış xərclərinin yüksəlməsinə səbəb olub. Tramp siyasətçi deyil, o biznesmendir. Bu proses Trampın ən həssas nöqtəsinə — iqtisadiyyat məsələsinə — birbaşa təsir edərək onun reytinqini aşağı salır.

Əgər müharibə uzanarsa və qiymətlər sabitləşməzsə, reytinqin daha da enməsi ehtimalı yüksəkdir. Əksinə, münaqişənin tezliklə başa çatması və enerji bazarlarının stabilləşməsi vəziyyəti dəyişə bilər.

Hazırkı mərhələdə isə klassik reallıq özünü göstərir: seçiciləri xarici siyasətdəki uğurlar yox,  cibləri maraqlandırır. 

Jalə Rövşən

tag: ABŞ,Donald Tramp,Reytinq,MAGA,Todaypress.tv,