Putinə sui-qəsd hazırlanır? — Görüş öncəsi ŞOK XƏBƏRDARLIQ

Siyasət

21.10.2025 17:01

Xarici KİV-də əks olunan məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı onu Macarıstanın paytaxtı Budapeştdə ABŞ Prezidenti Donald Trampla görüşməməyə çağırır. Düşünürlər ki, ingilislər orada ona sui-qəsd edə bilər.


Keçmiş rus kəşfiyyatçı Andrey Bezrukov Trampla görüşü Dubaya köçürməyi məsləhət görür. Onun sözlərinə görə, Britaniya xain əməliyyata hazırlaşır. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Azər Allahverənov bu cür məlumatların dezinformasiya olduğunu düşünür:


"Ehtimal edirəm ki, Budapeştdə ingilislərin Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlaması barədə səsləndirilən iddialar yüksək səviyyəli görüş öncəsi informasiya müstəvisinə ötürülmüş saxta məlumatdır. Bunun əsas səbəbi görüşün keçirilməsi ilə bağlı ilkin razılaşmaların mövcud olmasıdır. Belə məlumatlar görüşün bloklanmasına, əngəllənməsinə və ya məkanın dəyişdirilməsinə yönəlib".

Parlamentari bildirib ki, Rusiya Prezidentinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur:


"Rusiya mediasında bildirilir ki, Vladimir Putinin hakimiyyəti müddətində ona qarşı 10-dan çox sui-qəsd cəhdi baş verib və hamısı da uğursuzluqla nəticələnib. Yəni 1999-cu ildən bəri rəsmi orqanların real faktlara əsaslanan sui-qəsd hadisəsi haqqında məlumat verdiyi qeydə alınmayıb. Bu da onu göstərir ki, Rusiyanın birinci şəxsinin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Bu günlərdə yayılan məlumatlarda guya hansısa ölkənin xüsusi xidmət orqanlarının sui-qəsd hazırlaya biləcəyi iddia olunur. Amma sual yaranır: bunu niyə etsinlər? Bu gün Rusiya–Ukrayna müharibəsi fonunda baş verən proseslər göstərir ki, Qərb ölkələrinin bir hissəsi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirsə də, təmaslar tam dayandırılmayıb, əksinə, müxtəlif formalarda davam etdirilir.

Əgər Putinlə bağlı hər hansı narazılıq mövcuddursa, bu, siyasi dialoq vasitəsilə həll oluna bilər. Təcrübə göstərir ki, Rusiya Prezidenti istənilən dialoqa açıqdır, müxtəlif platformalarda görüşlər keçirir və danışıqlar aparır".


A.Allahverənov sonda əlavə edib ki, hazırda dünyanın aparıcı dövlətləri sivil yolla hərəkət etməyi üstün tuturlar. Hər hansı dövlət başçısına qarşı sui-qəsd cəhdi böyük siyasi kataklizmlərə səbəb ola bilər və bu, heç kimin marağında deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin baş tutan son telefon danışığından sonra bu həftə Budapeştdə görüşməyi qərara alıblar.

Qiymət Mahir

TodayPress TV

tag: Vladimir Putin,Donald Tramp,Sui-qəsd,Macarıstan,Todaypress.tv,