Putin və Trampın Macarıstan görüşü niyə ləğv olundu?

Siyasət

23.10.2025 17:16

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını bildirib. NATO baş katibi Mark Rutte ilə görüşdə o, Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb.

“Lazım olan nəticəyə çatmayacağımızı gördük, amma gələcəkdə mütləq görüşəcəyik”, - Tramp deyib.

O, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların uzun müddət qüvvədə qalmayacağına ümid etdiyini vurğulayıb.

Maraqlıdır, Trampın Putinlə görüşünü ləğv etməsinin arxasında nə dayanır?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, görüşün ləğvində əsas səbəb Rusiya tərəfidir: 

"Bəli, ABŞ Prezidenti ilə Rusiya Prezidenti arasında Macarıstanda keçirilməsi nəzərdə tutulan görüş baş tutmadı. Burada əsas səbəb Rusiya Prezidentinin dəyişməz mövqeyidir. Çünki onlar öz təkliflərində atəşkəs müqabilində Ukraynanın Donbas inzibati ərazisini tam istəyirlər. Ancaq ABŞ buna gedə bilməz. Tramp müəyyən qədər razılaşmışdı, amma Avropa dövlətləri, həmçinin Ukrayna bu razılaşmanın əleyhinə idi. Həmçinin ABŞ-nin müəyyən dövlət institutları da bu prosesi qəbul etmirdi, çünki Rusiyaya Donbasın verilməsi Rusiyanın yeni ərazilər əldə etməsinə stimul verə bilərdi.

Buna görə də ABŞ və Rusiya arasında konkret olaraq bu ziddiyyətlər iki liderin görüşünün təxirə düşməsinə gətirib çıxardı".

Ekspert, həmçinin qeyd edib ki, ABŞ artıq prosesdə yeni təsirli gedişlər etməyi qərarlaşdırıb:

"Artıq ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir. Düşünürəm ki, bu sanksiyalar Rusiyaya çox mənfi təsir edəcək. Həmçinin Ukraynada hərbi əməliyyatlar tempini artıracaq, çünki Putinlə danışıqlar heç bir fayda vermir. Rusiya tərəfi öz mövqeyindən geri çəkilmir və Ukrayna ərazilərini əldə etməyə çalışır. ABŞ-də buna razı ola bilməz".

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Tramp,Putin,Todaypress.tv,

photo