Pakistan-Əfqanıstan gərginliyi nə ilə nəticələnəcək? – ŞƏRH
Siyasət
30.05.2025 16:26
"Pakistanla Hindistan arasında atəşkəs əldə olunduqdan sonra indi də Pakistan-Əfqanıstan sərhədində toqquşmalar olub. Silahlı toqquşma iki ölkə arasındakı sərhədin Hilmənd əyalətində qeydə alınıb".
TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.
O, diqqətə çatdırıb ki, münaqişəyə səbəb kimi Pakistanın sərhəd-keçid məntəqələrinin tikintisi göstərilib. Hazırda ölkələr arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır:
"Taliban" Əfqanıstanda hakimiyyətə yiyələndikdən sonra Pakistanla sərhəddə gərginlik azalmır, müxtəlif zaman kəsiklərində toqquşmalar qeydə alınıb. Pakistanın mövqeyi belədir ki, "Taliban" Əfqanıstandakı silahlı qruplara nəzarət edə bilmir və həmin qruplar sərhəddə gərginlik yaradırlar. Pakistan hərbi hava qüvvələri bir neçə dəfə həmin qrupların sığınacaqlarına zərbələr endirib. "Taliban" buna cavab olaraq Pakistan ərazisini atəşə tutub. Bu zaman hər iki tərəfdən itkilər olub".
Analitik Pakistanla Əfqanıstan arasında gərginliyə səbəb olan digər bir amil kimi İslamabadın əfqan mühacirələri ölkədən deportasiya etməsini göstərib.
“Uzun onilliklər ərzində Əfqanıstandakı müharibələrdən qonşu ölkələrdə sığınacaq tapan əfqanların sayı milyonlarladır.
İslamabad və Tehran Əfqanıstanda mərkəzi hakimiyyətin formalaşdığını əsas tutaraq əfqanların vətənlərinə dönməsinin vacibliyi qənaətindədir.
Pakistanla Əfqanıstan arasında gərginlik Çinə də çətinliklər yaradıb”.
E. Şahinoğlu bildirib ki, Pakistan Çinin strateji müttəfiqidir. Çinin Pakistana böyük yatırımları var, bu ölkədə müxtəlif nəqliyyat layihələri həyata keçirir. Ekspert Pekinin eyni zamanda "Taliban"la da sıx təmaslar qurduğunu xatırladıb. "Taliban"ı ilk tanıyan ölklərdən biri məhz Çin olub.
"Pekin Əfqanıstana da yatırımlar etməyə başlayıb, bu ölkənin zəngin yeraltı sərvətlərini işlətmək istəyir. Buna görə də, Çinin iki tərəfdaşı arasında sərhəd gərginliyi Pekinin regional maraqlarına zərər vurur",- deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, 1 sutkaya yaxındır ki, Əfqanıstan və Pakistan arasında Hilmənd əyalətində döyüşlər başlayıb.
Töhfə Səməd
tag: Pakistan, Elxan Şahinoğlu,Əfqanıstan,Hindistan,todaypress.tv,