NATO səfirləri Azərbaycana gəlir: Azərbayacan NATO-ya üzv olacaq?

Siyasət

23.10.2025 12:34

NATO-ya üzv ölkələrin 15 səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.

Məlumata görə, heyət noyabrın 6-7-də Azərbaycanda olacaq.

Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. 

Maraqlıdır, Azərbaycanın NATO-ya üzv olmaq ehtimalı varmı? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov bildirib ki, ölkəmizin hərbi bloklara qoşulmaq kimi bir fikri yoxdur: 

"Azərbaycan əvvəldən bəyan edib ki, hər hansı hərbi bloka qoşulmaq niyyəti yoxdur və bu, ölkənin əsas məqsədidir. Heç Azərbaycanın Konstitusiyasında da, təhlükəsizlik doktrinasında da hər hansı bloka qoşulmaqla bağlı müddəa yoxdur və hələlik belə bir hal nəzərdə tutulmayıb".

Analitik vurğulayıb ki, Azərbaycan dövləti hələki buna ehtiyac duymur:

"Azərbaycan öz təhlükəsizliyini təmin edə bilir. Ölkənin Türkiyə, Rusiya, ABŞ, Çin və digər dövlətlərlə bağladığı strateji əməkdaşlıq müqavilələri təhlükəsizlik məsələlərini təmin edir və hər bir tərəf artıq Azərbaycanla münasibətlərində bu kriteriyaları nəzərə alır. Türkiyə ilə artan hərbi əməkdaşlıq da Azərbaycanın təhlükəsizliyinə təminatdır".

Politoloqun sözlərinə görə, üzvlük, həmçinin regional gərginlik gətirə bilər: 

"Əgər dövlət gələcəkdə NATO ilə əməkdaşlığı vacib hesab edərsə, bu zaman qərar verilə bilər. Lakin hazırda belə bir istəyin mövcud olduğunu demək çətindir. Azərbaycanın NATO-ya daxil olması həm də regionda bəzi ölkələrin narazılığına səbəb ola bilər. Bu, Gürcüstan və Ukraynanın təcrübəsində də müşahidə olunub. Buna görə də Azərbaycan bu məsələdə ehtiyatlı davranır və münasibətləri bütün tərəflərlə normallaşdırmağa çalışır. Hazırda təhlükəsizlik baxımından NATO-ya daxil olmaq prioritet hesab edilmir". 

Jalə Rövşən

TodayPress TV

tag: Samir Hümbətov,Politoloq,Azərbaycan,NATO,Todaypress.tv,

photo