İrəvan seçim qarşısında: “Ya qalib gələnlər sırasında yer alacaqlar, ya da...”
Siyasət
20.08.2025 12:28
“Türklərlə düşmənçilik Ermənistana fəlakətdən başqa heç nə gətirməyib”.
Politoloq Telman Nüsrətoğlu bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın regional təcriddən çıxmasının yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Bunun üçün isə İrəvan revanşist duyğuları və əsassız tarixi iddiaları kənara qoyaraq, bölgədə formalaşmış yeni reallığı düzgün qiymətləndirməli, hətta öz tarixə baxışını yenidən gözdən keçirməlidir.
Analitikin fikrincə, Zəngəzur dəhlizinin açılması bölgədə iqtisadi canlanmaya təkan verərək ticarət yollarının və regional dəhlizlərin dirçəlməsinə şərait yaradacaq.
“Ermənilər də bundan təbii şəkildə faydalana biləcəklər. Eyni zamanda, ABŞ üçün də bu dəhlizin açılması strateji əhəmiyyət daşıyır. Çünki bu, Çin və digər region ölkələri ilə ticarət əlaqələrinin gələcəyi baxımından müsbət təsir göstərəcək”.
Siyasi şərhçi Qərbin mövqeyinə də toxunaraq bildirib ki, əgər Qərb anti-Azərbaycan reflekslərindən imtina etməyərək Fransada olduğu kimi köhnə siyasətini davam etdirəcəksə, uduzan tərəf elə onlar olacaqlar. Qazananlar isə bölgədə ticarətin, əməkdaşlığın və sülhün güclənməsindən yana olanlar olacaq.
“İndi Ermənistan seçim qarşısındadır. O, ya bölgədə qalib gələnlər sırasında yer almalı, ya da onu yeni qarşıdurmalara sürükləmək istəyən qüvvələrin təsiri altına düşməlidir”, - deyə T.Nüsrətoğlu fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı bildirib ki, Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir.
“Ermənistanla Azərbaycan arasında yollar açılır. Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”, - o deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır.
Aysel Mətləb
tag: Telman Nüsrətoğlu,Politoloq,İrəvan,Sülh,Fəlakət,Todaypress.tv,
