Ərdoğan Putinlə Zelenskini görüşdürə biləcək? – AÇIQLANDI
Siyasət
05.06.2025 15:46
“Ukrayna və Rusiya arasında liderlər səviyyəsində görüşün keçirilməsi üçün görüş Rusiyanın diktə etdiyi şərtlərlə baş tutmalıdır”.
Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bunu TodayPress TV-ə danışarkən deyib:
O, İstanbul görüşlərinə diqqət çəkib:
“İstanbulda Rusiya və Ukrayna arasında iki raund danışıqlar keçirilsə də, hər ikisi nəticəsiz başa çatdı. Üstəlik, iyunun 1-də Ukrayna Rusiyaya qarşı “Hörümçək toru” adlı hərbi əməliyyat həyata keçirildi. Kiyev bu hücum zamanı Rusiya tərəfinin ciddi itkilər verdiyini iddia edir”.
Ekspert bildirib ki, görüşlərin gözlənilən nəticəni verməməsi Rusiyada İstanbul danışıqlarına olan etimadı xeyli azaldıb:
“Ehtimal olunur ki, növbəti danışıqlar üçün fərqli məkan təklif oluna bilər, lakin İstanbul daha əlverişli sayılır. Hazırda Rusiya real danışıqlardansa, imitasiya ilə məşğuldur - danışıqlara hazır olduğunu göstərir, əslində isə hücum planlarını həyata keçirir. Bu, Xarkov şəhərinə endirilən zərbələrdə də açıq şəkildə görünür”.
Analitik Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin görüş ehtimalını dəyərləndirib:
“Liderlər səviyyəsində görüş yalnız bir halda mümkün ola bilər: əgər Rusiya öz tələblərinin əhəmiyyətli hissəsinin yerinə yetirildiyini görsə. Kreml belə bir görüşün yalnız öz diktə etdiyi şərtlərlə baş tutmasını istəyir. Əks təqdirdə, Vladimir Putin heç bir halda Volodimir Zelenski ilə eyni masa arxasında əyləşməyə razı olmayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya bu məsələdə maksimalist yanaşma sərgiləyir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən böyük arzusunun İstanbulda və ya Ankarada Putinlə Zelenski arasında görüş təşkil etmək və Trampı bu görüşə dəvət etmək olduğunu bildirib.
Qiymət Mahir
tag: Ukrayna,Rusiya,Rüstəm Tağızadə,İstanbul,Təhlil,todaypress.tv,
