Azərbaycanda da törəməsi olan “Lukoil”a sanksiya zərbəsi: Mümkün təsirlər açıqlandı

Siyasət

23.10.2025 17:36

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə, eləcə də onlarla bağlı olan törəmə müəssisəyə yeni sanksiyalar tətbiq edib. 

Qərar Moskvanın Ukraynada sülh prosesinə sadiq qalmaması ilə izah olunur. Nazirlik bəyan edib ki, “SDN List”də adı çəkilən şirkətlərin bütün törəmə qurumları da avtomatik şəkildə sanksiyalara məruz qalacaq.

Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyaların fonunda Azərbaycan neftinin qiymətində mümkün dəyişikliklər gündəmə gəlib. 

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, sanksiyalar Azərbaycan neftinin qiymətinə birbaşa təsir göstərmir:

“Sanksiyalar nəticəsində neft təklifi bir qədər azala bilər. Təklifin azalması isə qiymətlərin müəyyən dərəcədə artmasına səbəb olur. Bu, təkcə Azərbaycan neftinə deyil, ümumilikdə qlobal bazara da az da olsa təsir edir. Lakin sanksiyalar eyni zamanda iqtisadiyyatı daraldır, bu isə neftə tələbin azalmasına gətirib çıxarır. Buna görə də Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycan neftinin qiymətini birbaşa qaldırır demək düzgün olmazdı".

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, artıq dünən günorta saatlarından etibarən neftin qiymətində müəyyən bahalaşma müşahidə olunur:

“Bu artım "Azəri Light"a da müsbət təsir göstərir. Lakin ABŞ-nin "Lukoil" və "Rosneft"ə, həmçinin onların törəmə şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycan tərəfindən də diqqətlə izlənilməlidir. Çünki "Lukoil"un Azərbaycanda bəzi aktivləri mövcuddur. Çalışmaq lazımdır ki, bu sanksiyalar Azərbaycan şirkətlərinə və ölkədə fəaliyyət göstərən törəmə şirkətlərə  təsir etməsin”.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərarların yaxın bir ay ərzində verilməsi gözlənilir. 

“Çünki sanksiyaların tələblərinə əsasən, "Lukoil" və "Rosneft"lə birgə fəaliyyət göstərən şirkətlərin bir ay ərzində fəaliyyətini dayandırması tələb olunur”,  - deyə ekspert əlavə edib.

Jalə Rövşən

TodayPress TV

tag: Eldəniz Əmirov,Ekspert,Lukoil,Sanksiya,Todaypress.tv,

photo