Kreml xəbərdarlıq etdi, Vaşinqton məhəl qoymadı: “Tomahawk” Moskvaya yaxınlaşır?

Təhlil

03.10.2025 13:36

ABŞ hakimiyyəti Rusiyanın dərinliklərinə zərbələrə icazə verməyi planlaşdırır.

Qeyd olunur ki, Ağ Ev “Tomahawk” ilə “Barracuda” kimi uzunmənzilli raketlərin Ukraynaya tədarükünü müzakirə edir.

Rusiya Prezidenti Vladimir Putin bu barədə danışarkən xəbərdarlıq edib ki, bu baş verdiyi təqdirdə ABŞ ilə münasibətlər köklü şəkildə dəyişəcək və yeni bir “eskalasiya mərhələsi” başlayacaq.

Politoloq Aqşin Kərimov mövcud durumu TodayPress TV-yə şərh edib.

O bildirib ki, Vladimir Putin hazırda Rusiyanın Qərbə qarşı etibarlı duruş göstərən imicini formalaşdırmaq üçün müxtəlif informasiya əməliyyatlarından istifadə edir:

"Putinin son zamanlardakı bəyanatları ABŞ Prezidenti Donald Trampla danışıqlarda müəyyən edilmiş razılıqlarla rəqabətin sərhədləri arasında uyğunlaşdırılır. Rusiyanın ABŞ-dən çox NATO-nun Avropa qanadını təhdid etməsi həmin şifrəni açır. Bu, praktiki olaraq NATO üzvlərinə qarşı dronlarla həyata keçirilən əməliyyatlarda özünü göstərir. Putin NATO üzvlərinin hava məkanına müdaxilə kampaniyasından sonra - oktyabrın 2-də bildirib ki, Moskva Avropanın militarizasiyasını yaxından izləyir".

“ABŞ hazırda Rusiyanı cilovlamaq kampaniyası aparır”

Politoloq əlavə edib ki, bu mesaj ABŞ yardımlarının logistika baxımından mərkəzləndiyi ərazilərin legitim hədəf olmaq təsəvvürlərini formalaşdırmaq üçündür.

"Putin eyni vaxtda NATO-nun yaratdığı təhlükə qarşısında Rusiyanın güclü hərbi imkanlarının olduğunu göstərməyə çalışır. Bu, Donald Trampın prezidentlik kampaniyası zamanı "NATO ölkələrini Rusiya ilə üz-üzə qoya bilərik" təhdidinin Moskva tərəfindən icrasını göstərir. ABŞ hazırda Rusiyanı cilovlamaq kampaniyası aparır və “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsini prioritetləşdirir. Tramp administrasiyası eyni zamanda Rusiyanın bəzi dərinliklərinə zərbə endirmək üçün Ukraynaya veriləcək kəşfiyyat məlumatlarını bərpa edir. Ukrayna Rusiyanın mühüm hərbi infrastruktura zərbələr endirmək üçün əməliyyat modelinə malik olduğu artıq bir faktdır və bu, "Tomahawk" raketlərinin alınmasından sonra fərqli bir intensivliyə daxil olmağa imkan yarada bilər", – ekspert vurğulayıb.

“Ukraynanın ərazi bütövlüyü və suverenlik məsələləri arxa plana keçəcək”

Aqşin Kərimov, həmçinin bildirib ki, Ağ Ev Ukraynanın mümkün hücumlarının Rusiya daxilində yaratdığı təhlükəsizlik və kəşfiyyat boşluqlarından məharətlə istifadə ediləcəyini anons edir.

"Hadisələrin şəkli göstərir ki, Tramp və Putin Alyaskadakı görüşdən sonra təşkil ediləcək yeni müzakirələrdə üstün mövqeyə sahib olmaq üçün kampaniya aparırlar. Hər iki tərəf Ukraynadakı müharibə fonunda yaranmış meydanda güc balansını dəyişməyə istiqamətlənirlər. Bunlar ABŞ-nin Ukraynadakı müharibəni rəsmi olaraq Kiyevin irəli sürdüyü şərtlər çərçivəsində həll edəcəyinə birbaşa işarə vermir. Ağ Evlə Kreml daha çox güzəşt və geniş sövdələşmə paketi ilə çıxış etmək imkanlarını araşdırdıqca, Ukraynanın ərazi bütövlüyü və suverenlik məsələləri arxa plana keçəcək", – deyə analitik fikrini yekunlaşdırıb.

Jalə Rövşən

TodayPress TV

tag: Kreml,ABŞ,Ukrayna,Silah,Todaypress.tv,

photo