AZAL təyyarəsinin vurulması: Kreml niyə hələ də susur?

Siyasət

02.06.2025 13:16

“Azərbaycan mülki təyyarəsinin vurulmasına görə Rusiya məsuliyyət daşıyır və cavab verməlidir”. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik maraqları və vətəndaş təhlükəsizliyi baxımından ötən ilin dekabrında baş verən təyyarə insidenti təkcə hava qəzası kimi qiymətləndirilə bilməz. 

“Embraer 190” tipli sərnişin təyyarəsinin Rusiya hava məkanında, Qroznıya yaxın ərazidə vurulması, ilkin olaraq müxtəlif versiyalarla ört-basdır edilməyə çalışılsa da, sonradan ortaya çıxan faktlar bu hadisənin sistematik və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərdi. İlkin mərhələdə təyyarənin naviqasiya sisteminin sıradan çıxarılması və bu prosesin Rusiya hərbi radarları vasitəsilə həyata keçirilməsi, daha sonra isə təyyarənin raketlərlə vurulması təsdiqini tapdı. Təyyarənin qalıqları üzərində aparılan ekspertiza və beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilən araşdırmalar göstərdi ki, bu insident təsadüfi texniki nasazlıq yox, məqsədli müdaxilə nəticəsində baş verib".

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hadisənin baş verdiyi andan etibarən məsələni nəinki yüksək səviyyədə nəzarətə götürüb, həm də beynəlxalq hüquq çərçivəsində araşdırmaların aparılması və günahkarların cəzalandırılması istiqamətində təşəbbüslər göstərib. Hazırda Azərbaycan tərəfi məsələni Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO), BMT Təhlükəsizlik Şurasına və Beynəlxalq Cinayət Məhkəməsinə daşımaq imkanlarını nəzərdən keçirir.  

“Rusiya tərəfinin bu hadisə ilə bağlı indiyə qədər sərgilədiyi susqunluq və qeyri-kafi izahat cəhdləri, beynəlxalq hüquq və insan haqları prinsiplərinə ziddir. Azərbaycanın əlində təyyarənin vurulması əmrini verən və icra edən şəxslərlə bağlı konkret sübutlar var və bu məlumatlar hüquqi müstəvidə istifadə olunmağa hazırdır. Rəsmi Bakı bu məsələni yalnız diplomatik çərçivədə deyil, həm də hüquqi və siyasi müstəvidə sonadək aparmaq əzmindədir. Heç bir halda bu məsələdə güzəştə gedilə bilməz. Söhbət bizim mülki vətəndaşlarımızdan, onların həyatından gedir. Rusiya bu hadisəyə görə rəsmi üzr istəməli, təzminat ödəməli və cavabdeh şəxsləri məsuliyyətə cəlb etməlidir”, - deyə millət vəkili vurğulayıb.   

O, sonda diqqətə çatdırıb ki, baş verən hadisə təkcə bir təyyarənin vurulması deyil, həm də beynəlxalq aviasiya təhlükəsizliyinə, insan həyatına və suveren dövlətlər arasında etimada ağır zərbədir. Azərbaycan isə bu zərbənin cavabsız qalmayacağına dair siyasi iradəsini və hüquqi hazırlığını sona qədər nümayiş etdirəcək.  

Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib. Nəticədə Qazaxıstanın Aktau şəhərinə qəza enişi edən təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

Töhfə Səməd

tag: Arzuxan Əlizadə,Deputat,AZAL,Təyyarə,Todaypress.tv,

photo