Sağlam gələcək üçün düzgün tərbiyə: Uşaqların emosional inkişafı niyə vacibdir?

Sağlamlıq

28.10.2025 17:56

Sağlam gələcək sağlam və savadlı gənclərlə mümkündür. Bunun üçün uşaqlara kiçik yaşlardan düzgün tərbiyə verilməli, onların inkişafına daima dəstək göstərilməlidir. Bu baxımdan, həm valideynlərin, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.

Psixoloq Aydan Nəzərova mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, hər bir insanda xronoloji, intellektual və emosional yaş sferası formalaşır. Bu üç istiqamət insanın şəxsiyyət və inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, xronoloji yaş şəxsiyyət vəsiqəsində qeyd olunan faktiki yaşı, intellektual yaş insanın zəka səviyyəsini, emosional yaş isə onun davranış və ruh halını ifadə edir:

"Bəzən görürsən ki, şəxsin 15 yaşı var, amma davranışı 5 yaşlı uşağa bənzəyir və ya tam əksi olur. Emosional yaş insanın ruh yaşını əks etdirir. Uşağı, yeniyetməni və gənci düzgün istiqamətləndirmək üçün uşaqlıq dövründən başlamaq lazımdır. Uğur qazanmaq üçün onun bacarıq və maraq dairəsini erkən müəyyənləşdirmək vacibdir".

Psixoloq qeyd edib ki, uşaqların hansı sahəyə yönləndiriləcəyinə qərar verərkən yalnız valideynlərin arzularına deyil, uşağın qabiliyyətinə və maraqlarına diqqət yetirilməlidir:

"Valideynlər çox vaxt öz istəklərinə uyğun olaraq uşaqlarını həkim, müəllim, iqtisadçı kimi ixtisaslara yönləndirirlər. Amma uşaq o sahəni sevmirsə, gələcəkdə depressiyaya düşə, özünə qapana bilər. Sevdiyi işlə məşğul olan insan isə həm uğur qazanır, həm də inkişaf edir".

Mütəxəssis, həmçinin uşaqların fiziki və psixoloji xüsusiyyətlərinə uyğun idman növlərinə yönləndirilməsinin önəmini vurğulayıb:

"Hiperaktiv uşaqlar üçün basketbol, futbol, üzgüçülük kimi idman növləri daha uyğundur. Qız uşaqları üçün tennis, voleybol və elə üzgüçülük yaxşı seçim ola bilər. Amma seçimi edərkən də uşağın sağlamlıq göstəriciləri nəzərə alınmalıdır. Məsələn, futbol dayanmadan qaçış tələb edir və ürək-damar sistemi buna hazır deyilsə, bu cür seçim düzgün olmaz".

Ekspert valideynlərə uşaqları bir-biri ilə müqayisə etməməyi tövsiyə edib:

 "Uşaqlar arasında fərq qoymaq olmaz. Beş barmağımız eyni biləkdən çıxır, amma uzunluqları fərqlidir. Uşaqlar da belədir, hər biri özünəməxsus qabiliyyətə malikdir. Valideynlər övladlarını yaxından tanımalı və lazım gəldikdə mütəxəssislərə müraciət etməlidirlər", - deyə Aydan Nəzərova bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydan Nəzərova,Psixoloq,Uşaqlar,İnkişaf,Todaypress.tv,

photo