Piylənmə və şəkərli diabetin yeni səbəbi aşkarlandı
Sağlamlıq
15.10.2025 19:45
Florida Universitetinin Xərçəng Mərkəzinin alimləri piylənmə, şəkərli diabet və qaraciyər yağlanmasının gözlənilməz səbəbini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, "Journal of Clinical Investigation" jurnalında dərc olunan araşdırmaya görə, bu xəstəliklər təkcə həyat tərzindən deyil, həm də yaşla birlikdə qan hüceyrələrində yığılan “səssiz” genetik mutasiyalardan qaynaqlana bilər.
Tədqiqat göstərib ki, sümük iliyinin kök hüceyrələrində yaranan mutasiyalar maddələr mübadiləsini poza bilər. Xüsusilə "Dnmt3a" genindəki dəyişikliklər laboratoriya heyvanlarında iştahanın artmasına, artıq çəkiyə, yüksək qan şəkərinə və qaraciyər problemlərinə səbəb olub. Bu təsirlər yağ və şəkərlə zəngin qidalanma zamanı daha da güclənib.
"DNMT3A" geni normalda hüceyrələrin inkişafı və genomun sabitliyinə cavabdehdir. Onun bəzi mutant variantlarının lösemi və limfoma riskini artırdığı artıq məlum idi.
Tədqiqatçılar bildiriblər ki, gələcəkdə sadə qan testi bu mutasiyaları aşkar etməklə maddələr mübadiləsi pozğunluqlarına meylli insanları vaxtında müəyyən etməyə imkan verə bilər. Bu isə erkən profilaktika və müalicə sayəsində piylənmə, diabet və hətta bəzi xərçənglərin qarşısını almağa kömək edə bilər.
Türkan İsgəndərli
tag: şəkər,Piylənmə,Gen,Qan,Todaypress.tv,
