Valideynlərə XƏBƏRDARLIQ: “Uşağınız saç yeyirsə...” – HƏKİM DANIŞDI
Sağlamlıq
11.08.2025 17:39
Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələr nəticəsində onun mədəsində saç kütləsi (bezoar) aşkarlanıb və uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər bu halı tirixofagiya (saç yemə) adlandırırlar.
Bəs uşaqlar saçlarını niyə yeyirlər və bu vərdiş hansı hallarda təhlükəli ola bilər?
Mövzu ilə bağlı həkim-pediatr Qoşqar İsmayılov TodayPress TV-yə açıqlamasında bildirib ki, bəzi uşaqlar stress, narahatlıq, emosional təzyiq və ya diqqət çatışmazlığı səbəbindən saçlarını qoparıb ağızlarına aparırlar.
Bəzən bu sadəcə vərdiş kimi başlayır, lakin zamanla psixoloji pozuntu əlamətinə çevrilə bilər.
“Bu davranışın səbəbləri müxtəlif ola bilər. Bəzi uşaqlar saçın teksturasına və dadına qarşı maraq göstərirlər. Dəmir və sink kimi mineralların çatışmazlığı, eyni zamanda psixoloji faktorlar da bu vərdişin yaranmasına təkan verir”.
Həkimin sözlərinə görə, saç mədədə həzm olunmur, zamanla böyük topa halına gəlir və “bezoar” adlanan kütləni formalaşdırır. Bu da mədə-bağırsaq tıxanıqlığı, ağrı, qusma və ağır hallarda əməliyyat zərurəti ilə nəticələnə bilər.
Q.İsmayılov vurğulayıb ki, valideynlər bu tip davranışları erkən mərhələdə aşkar etməli və mütləq həm pediatra, həm də uşaq psixoloquna müraciət etməlidirlər.
“Uşaqlarda davamlı saç yemə davranışı təkcə tibbi deyil, eyni zamanda psixoloji yardım tələb edir. Erkən müdaxilə ilə bu zərərli vərdişin qarşısını almaq mümkündür”, - deyə pediatr əlavə edib.
Türkan İsgəndərli
tag: Qoşqar İsmayılov,Həkim,Uşaq,Saç,Todaypress.tv,
