Payız yorğunluğunun səbəbi nədir?
Sağlamlıq
24.09.2025 18:45
Payız aylarında bir çox insanın özünü daha yorğun, halsız və enerjisiz hiss etməsinin əsas səbəblərindən biri gün işığının azalmasıdır.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, təbii işığın miqdarı insanın psixoloji və fizioloji vəziyyətinə birbaşa təsir göstərir.
Bildirilir ki, gün işığı azaldıqca beyindəki serotonin və melatonin hormonlarının sintezi dəyişir. Bu hormonlar isə insanın əhval-ruhiyyəsinə, yuxu rejiminə və ümumi enerji səviyyəsinə təsir edir. Havanın tez qaralması və gün ərzində işığın zəifləməsi nəticəsində orqanizmdə bu hormonların səviyyəsi tarazlığını itirə bilər ki, bu da öz növbəsində daimi yorğunluq hissinə səbəb olur.
Bundan əlavə, sutkalıq bioloji ritmlərin pozulması bağırsaq mikrobiomasının tərkibində də dəyişikliklərə yol aça bilər. Faydalı və iltihab əleyhinə təsir göstərən bakteriyaların sayında azalma müşahidə olunduqda həzm sistemi zəifləyir və orqanizmin enerji ehtiyatı tükənə bilər.
Mütəxəssislər qeyd edirlər ki, yuxusuzluq, azhərəkətlilik və həddindən artıq karbohidrat qəbulu da payız yorğunluğunu daha da gücləndirə bilər.
Yorğunluqla mübarizə aparmaq üçün gün ərzində açıq havada daha çox vaxt keçirmək, qidalanmada "D" vitamini və maqnezium kimi maddələrə yer vermək, yuxu rejiminə və keyfiyyətinə xüsusi diqqət göstərmək lazımdır.
Türkan İsgəndərli
tag: Payız,Yorğunluq,Yuxu,Bakteriya,Todaypress.tv,
