Günəş kremlər onkoloji xəstəliklərə səbəb olur?

Sağlamlıq

01.06.2025 18:45

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, günəşdən qoruyucu kremlər dəri xərçənginin artmasına səbəb olur. İddialarda deyilir ki, bu məhsulların tərkibi son dərəcə toksikdir və bədxassəli dəri şişlərinin əsas səbəbidir.

TodayPress TV xəbər verir ki, mütəxəssislər bu iddiaların heç bir elmi əsası olmadığını bildirir. 

Günəşdən qoruyucu kremlərin onkologiyanı təşviq etdiyinə dair heç bir tibbi araşdırma mövcud deyil. Bu iddialar bir neçə il əvvəl bəzi kosmetik vasitələrdə az miqdarda toksik maddə - benzolun izlərinə rast gəlindikdən sonra meydana çıxıb.

Yüksək konsentrasiyada benzol kanserogen sayılır və ciddi xəstəliklərə yol aça bilər. Lakin həmin məhsullarda aşkarlanan miqdar təhlükəli həddə olmayıb. Toksikoloqların hesablamalarına görə, bu tərkibli kremdən 10 ml istifadə etmək, bir gün ərzində çirklənmiş şəhər havası ilə nəfəs almaqla müqayisə edilə bilər. Üstəlik, benzolun dəri vasitəsilə sorulması olduqca zəifdir, əsasən tənəffüs yolu ilə orqanizmə daxil olur. 

Onkoloqların bildirdiyinə görə, dəri xərçənginin əsas səbəbləri arasında irsi meyillilik, xalların xroniki zədələnməsi və günəş şüalarına uzun müddət məruz qalmaq dayanır. Ultrabənövşəyi şüalar dərinin dərin qatlarını zədələyərək kollagen və elastini parçalayır, bu isə həm fotoyaşlanmaya, həm də dəri xərçəngi riskinin artmasına səbəb olur.

Mütəxəssislər vurğulayır ki, SPF tərkibli günəşdən qoruyucu vasitələr bu risklərin qarşısını almaqda mühüm rol oynayır. Hətta xərçəng diaqnozu qoyulmuş pasiyentlərə də əlavə qoruyucu tədbir kimi bu vasitələr tövsiyə olunur. Günəşdən qoruyucu kremlər şiş əmələ gətirmir və dəriyə zərər vermir.

Aparılan uzunmüddətli elmi tədqiqatlar da günəşdən qoruyucu vasitələrin faydasını göstərir. Belə ki, 10 il ərzində SPF 15+ məhsullardan mütəmadi istifadə edən iştirakçılar arasında melanoma hallarının 50% azaldığı müəyyən edilib.

Bundan başqa, bir çox hallarda insanlar hesab edir ki, günəşdən qorunmaq yalnız yayda vacibdir. Amma ultrabənövşəyi şüalar qışda və buludlu havada da aktiv olur. Ona görə də SPF 30+ tərkibli kremi hər gün, hətta qısa müddətlik çölə çıxarkən də istifadə etmək lazımdır. Günəş şüalarının güclü olduğu günlərdə isə hər iki saatdan bir yeniləmə olduqca vacibdir.

Töhfə Səməd 

tag: Günəş kremi,SPF,Xərçəng,todaypress.tv,