Bir stəkan su ağız sağlamlığını gücləndirə bilər
Sağlamlıq
16.10.2025 19:30
San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, bir stəkan adi su içmək ağız boşluğunun təbii müdafiə mexanizmlərini cəmi bir saat ərzində aktivləşdirə bilər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Oral Health” jurnalında dərc olunub.
Araşdırmada 5-10 yaş arası 105 uşaq iştirak edib. Onlar üç qrupa bölünüb: birinci qrup 500 ml su, ikinci 200 ml alma şirəsi içib, üçüncü qrup isə nəzarət qrupu olub. Təxminən bir saat sonra alınan analizlər göstərib ki, su içən uşaqlarda tüpürcəyin turşuluğu azalıb, diş minasına zərər vuran fermentlərin səviyyəsi aşağı düşüb, eyni zamanda immunoqlobulinlər və qoruyucu zülalların miqdarı artıb.
Tədqiqatçılar bildiriblər ki, su tüpürcəyin pH səviyyəsini normallaşdırır, yerli immun müdafiəni gücləndirir və ağızda sağlam mikroiqlim yaradır.
Alimlərin fikrincə, şəkərli içkilərin adi su ilə əvəz olunması uşaqlarda diş çürüməsi və diş əti xəstəliklərinin qarşısını almağın sadə və təsirli yolu ola bilər.
Türkan İsgəndərli
tag: Su,Ağız,Diş,Sağlamlıq,Todaypress.tv,
