Filmlərin psixikaya təsiri: Hər janr fərqli emosional nəticə yaradır

Sağlamlıq

18.06.2025 18:30

Filmlərin insan psixikasına təsiri onların janrından, emosional yüklənməsindən və izləyicinin həssaslığından asılı olaraq dəyişir.

TodayPress TV xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, yaxşı bir komediya janrında kinoların izlənməsi terapevtik təsir göstərə bilər. Belə ki, gülüş beyində endorfinlərin - "xoşbəxtlik hormonlarının" - ifrazını artırır. Bu səbəbdən, stres dövrlərində komediyaların izlənməsi tövsiyə olunur.

Dramlar və melodramlar isə tamaşaçılara obrazların yaşadıqları duyğuları təhlükəsiz şəkildə sınaqdan keçirmək imkanı yaradır. Psixoloqlar bildirir ki, bəzi filmlər şəxsi təcrübələrə toxunaraq daxili emosional düyünləri açmağa kömək edə bilər. Bu filmlər empatiyanın inkişafına və emosional rahatlamağa səbəb olur. Lakin bu janrın "tələləri" də var: həddindən artıq dramatiklik tamaşaçının psixoloji durumuna təsir edərək onu melanxoliya və kədərə sürükləyə bilər. Xüsusilə psixoloji həssaslıq dövründə belə filmlərdən uzaq durmaq tövsiyə edilir. Empatiyası yüksək olan şəxslərə isə bu janra ehtiyatla yanaşmaq məsləhət görülür, çünki emosional gərginlik tükənmişliyə, ümumi vəziyyətin pisləşməsinə və hətta depressiyaya səbəb ola bilər.

Əgər izləyici həddindən artıq təsirlənən insan deyilsə, qorxu filmləri real həyatda əldə edə bilmədiyi adrenalin dozasını qazandırır. Bəziləri üçün qorxu filmləri fobiyalarla mübarizədə dəstək vasitəsidir, çünki insan öz qorxularına rahat və təhlükəsiz şəraitdə üz-üzə gəlir. Ancaq həssas insanlar üçün bu janr çox ağır ola bilər - qorxu filmlərinin müntəzəm izlənməsi əsəb gərginliyi, hiddət və aqressiv davranışa səbəb ola bilər.

Psixoloqların fikrincə, qorxu filmləri təhlükə ilə, triller janrı isə gərginliklə assosiasiya olunur. Trillerlər tamaşaçıya həm emosional, həm də intellektual yüklənmə verərək, eyni zamanda narahatlıq səviyyəsini yüksəldə bilər. Bu janr, gündəlik həyatdan bir müddət uzaqlaşıb istirahət etməyə şərait yaratsa da, çox tez-tez izlənməsi narahatlıq hissini gücləndirə, depressiyaya və yuxusuzluğa səbəb ola bilər.

Töhfə Səməd

tag: Film, Psixika,Janr,Emosional yüklənmə ,Endorfin,todaypress.tv,