Bakıda yanvar-sentyabr aylarında 540 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

Sağlamlıq

07.10.2025 10:04

TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

TodayPress TV xəbər verir ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 389  uşaq icbari dispanserizasiya müayinələrinə cəlb olunub.

Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib. 

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə davam etdirilir.

TodayPress TV

tag: TƏBİB,Bakı,Uşaqlar,Dispanserizasiya,Todaypress.tv,

photo
photo
photo
photo