Uşaqların "fast food" yeməklərə olan marağının səbəbləri nədir?

Sağlamlıq

02.10.2025 16:06

Aydın məsələdir ki, uşaqlar arasında qeyri-sağlam qidalara, xüsusilə "fast food" məhsullarına maraq kifayət qədər yüksəkdir. Bu cür qidalanma tərzinin isə sonradan sağlamlıq baxımından ciddi fəsadlara yol aça biləcəyi məlumdur.

Bəs bu marağın kökündə hansı səbəblər dayanır?

Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova TodayPress TV-yə danışarkən bildirib ki, uşaqların belə yeməklərə üstünlük verməsinin həm bioloji, həm də psixoloji səbəbləri var.

Onun sözlərinə görə, uşaqlar daha çox rəngarəng, cəlbedici görünüşlü, tez hazırlanan və ləzzətli qidalara maraq göstərirlər:

"Uşaqlar bu cür yeməklərlə əsasən valideynləri vasitəsilə tanış olurlar. Valideyn özü bu yeməklərdən istifadə edirsə, uşaq da onu görür və maraq göstərməyə başlayır. Bəzən valideyn özü uşağa bu yeməkləri dadızdırır və uşaq bir dəfə dadandan sonra artıq onu istəməyə davam edir. Əgər valideyn uşağın istəyini məhdudlaşdırmağa çalışsa da, uşaq ağlayaraq, inadkarlıq edərək buna nail olmağa çalışır. Təəssüf ki, bu kimi hallarda bir çox valideynlər dözümsüzlük göstərir və uşaq sussun deyə onun istəyini yerinə yetirirlər".

Psixoloqun sözlərinə görə, marketinq də bu prosesdə mühüm rol oynayır:

"Fast food" yeməklərinin uşaqlar arasında bu qədər yayılmasının əsas səbəblərindən biri onların çox güclü və təsirli reklamlarla tanıdılmasıdır. Bu reklamlar elə hazırlanır ki, istifadə olunan rənglər, səslər, görüntülər insan şüuraltısına təsir edir. Belə reklamlar təkcə uşaqlara deyil, böyüklərə də təsir edir və onlarda bu qidalara qarşı istək yaradır. Yəni, bu məhsulların geniş yayılmasında reklamların rolu danılmazdır".

Aynur İskəndərova valideynlərə tövsiyə edib ki, sağlam qidanı da uşaqlar üçün cəlbedici şəkildə göstərsinlər, onları mətbəx prosesinə cəlb etsinlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fast Food,Marketinq,Burger,Zərər,Todaypress.tv,

photo