Yaşıl çay, sarımsaq və giləmeyvə bioloji qocalmanı ləngidir
ABŞ-də aparılan yeni tədqiqatın nəticələrinə görə, yaşıl çay, giləmeyvə, sarıkök, sarımsaq və rozmarin kimi məhsulların müntəzəm qəbulu bioloji qocalmanı ləngidə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat "Aging" adlı elmi jurnalın son buraxılışında dərc olunub.
Araşdırmanı aparan mütəxəssislər 50-72 yaş arası kişilərin iştirak etdiyi klinik tədqiqatın nəticələrinə əsaslanıblar. İştirakçılar epigenetik saatlara, yəni orqanizmin yaşlanma sürətini müəyyən edən bioloji mexanizmlərə təsir göstərən xüsusi pəhrizə riayət ediblər.
Ən yüksək effektivlik isə polifenollarla zəngin olan məhsullarda, xüsusilə ədviyyatlar və içkilərdə müşahidə edilib. Bu maddələr genlərin fəaliyyətini tənzimləyə bilir. Belə məhsulları müntəzəm istifadə edən şəxslər səkkiz həftə ərzində orta hesabla iki il daha "gənc" epigenetik yaşa sahib olublar.
Qeyd edək ki, bu dəyişiklik çəki itkisi ilə əlaqəli olmayıb.
Tədqiqatçılar bildiriblər ki, sarımsaq, yaşıl çay, sarıkök, giləmeyvə və rozmarin tərkibli aktiv maddələr epigenetik qocalmanı işə salan fermentlərin fəaliyyətini zəiflədə bilir. Eyni zamanda bu komponentlərin bəziləri hüceyrə bərpası və iltihabdan qorunmada iştirak edən genləri aktivləşdirir.
Mütəxəssislər bu nəticələrin gələcəkdə yaşlanmaya qarşı qidalanma modellərinin formalaşdırılmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.
Töhə Səməd
tag: ABŞ,Yaşıl çay,Sarıkök,todaypress.tv,