Su altında qədim həyatın izləri tapıldı
İndoneziyanın Yava adası sahillərində, Madura boğazında aparılan arxeoloji qazıntılar zamanı "Homo erectus" növünə aid kəllə fraqmentləri və onlarla heyvan sümükləri tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Quaternary Environments and Humans" elmi jurnalında dərc olunan tədqiqatda məlumat verilib.
Tədqiqat nəticələri qədim insanların həyat tərzinə və 140 min il əvvəl mövcud olmuş, sonradan sular altında qalan Sundaland adlı düzənlik ekosisteminə nadir baxış imkanı yaradır. Tapıntılar arasında emal izləri olan tısbağa sümükləri və çoxsaylı öküz sümükləri fraqmentləri var ki, bu da "Homo erectus" nümayəndələrinin ovla məşğul olduqlarını və sümük iliyindən istifadə etdiklərini göstərir.
Əldə olunan faktlar uzun müddət davam edən fərziyyəni Yavadakı "Homo erectus"ların izolyasiyada yaşadıqları fikrini təkzib edir. Alimlər bildirirlər ki, dəniz səviyyəsinin aşağı olduğu dövrlərdə insanlar çayların ətrafındakı məhsuldar vadilər boyunca yayılaraq burada həyat sürüblər. Bu ovçuluq vərdişlərinin digər qədim insan qruplarından öyrənilmiş ola biləcəyi və hətta bu qruplar arasında genetik mübadilə ehtimalı da irəli sürülür.
Qeyd edək ki, həmin dövrlərdə Sundaland ərazisi Afrika savannasını xatırladırmış: burada begemotlar, fillər və yırtıcı varanlar kimi iri heyvanlar yaşayıb. Tapılmış artefaktlar yaxın zamanlarda Bandunq Geologiya Muzeyində nümayiş etdiriləcək, bəziləri isə səyyar sərgilərə çıxarılacaq.
Töhfə Səməd
tag: İndoneziya,Yava,Madura ,Homo erectus,todaypress.tv,